Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb. ANS TV-nin məlumatına görə, bu barədə prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov danışıb.
Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub.
"Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər", - deyə administrasiya rəhbərinin müavini bildirib.
Məmmədov həmçinin Ermənistan tərəfinin razılığa sonadək əməl edəcəyinə əmin deyil.
“Bu razılığa gəlinməsinə baxmayaraq sonradan Ermənistan tərəfindən düşünülmüş təxribat, provokasiya xarakterli addımlar atılır və deyilir ki, görürsünüz ki, bax buna görə mən bunu edə bilmirəm, verdiyim sözü yerinə yetirə bilmirəm”, o qeyd edib.