"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin marağını görüb, təxribata əl atdı".
Bu barədə aprelin 27-də jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
O bildirib ki, Ermənistan prezidenti Serj Sərkisyan danışıqlara getməməklə özünə və xalqına pislik edir.
PA rəsmisi deyib ki, Azərbaycan münaqişəni yalnız sülh və danışıqlar yolu ilə həll etmək istəyir.
“20 ildən artıq müddətdə Azərbaycan bu yola sədaqətini göstərib. Ancaq münaqişənin həlli ilə bağlı irəliyə getmək üçün hər hansı imkan yarananda Ermənistan təxribata əl atır. Bu, 10-12 il əvvəl, 2009, 2014 və bu il aprel ayının əvvəlində olub. Ermənistan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin marağını görüb, təxribata əl atdı. Ermənistan təxribatının cavabını da aldı", o bildirib.
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması" mövzusunda sessiyada çıxışında da Dağlıq Qarabağ münaqişəsinə toxunub.
N.Məmmədov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç kəs beynəlxalq prinsipə istinad etmir.
O bildirib ki, Dağlıq Qarabağ probleminin təməlində geosiyasi ambisiyalar durur.
"Dağlıq Qarabağın ətrafında 7 rayon işğal altındadır, ancaq bu barədə heç kim danışmır. Beynəlxalq hüquqa əməl edilməlidir. Bu gün Dağlıq Qarabağ məsələsi barədə beynəlxalq hüquq prinsipinə riayət edilmir".
N.Məmmədov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsi var.
"Amma heç kim bununla bağlı danışmır. Bu cür ədalətsiz yanaşmaya görə də dünyanın bir çox regionlarında gərgin vəziyyət mövcuddur. Dünya üçün bu heç də yaxşı hal deyil".
PA rəsmisi əlavə edib ki, beynəlxalq münasibətlərin iştirakçıları getdikcə artır.
N.Məmmədov qeyd edib ki, beynəlxalq KİV-lərin də öz maraqları var, onlar da artıq beynəlxalq münasibətlərin iştirakçılarına çevrilir.
"Biz ədalət istəyirik, ancaq bu baş vermir, çünki aparıcı dövlətlər bunu istəmir".