Norveçdə Koroğlu aşığı [Audio & Video]

İran İslam Respublikasında ideoloji səbəblər üzündən dövlət səviyyəsində musiqiyə qayğı göstərilməməsi bu sahənin inkişafına xeyli əngəl törədib və sənətçilərin fəaliyyət dairəsini məhdudlaşdırıb. İran Azərbaycanında öz sənətlərini sərbəst ifa edə bilməyən bir çox musiqiçilər azad ifaçılıq sorağında Azərbaycan Respublikası, Şimali Amerika və Avropa ölkələrinə üz tutublar. Belə sənətçilərdən biri – aşıq musqisinin ustası Cəfər Cəfərzadə bu günlərdə Amerikanın Səsinə danışıb.

Cəfər Cəfərzadə Tehranda musiqisevər bir azərbaycanlı ailəsində dünyaya gəlib və həmin şəhərdə boya başa çatıb. O, ilk musiqi dərslərini anası, atası və atasının əmisi oğlu Aşıq Əlidən alıb. Onun sözlərinə görə çaldığı ilk saz da aşıq sazı olub, ancaq sonralar Tehran mühitində daha çox fars musiqisi ilə məşğul olub. Azərbaycanlı musiqiçi Tehranda və daha sonra mühacirət etdiyi Norveçdə həm muğənni, həm də gitara, İran tarı, Azərbaycan tarı, setar musiqi alətlərinin ifaçısı kimi müxtəlif janrlarda sənətini inkişaf etdirib və peşəkar dərslər alıb.

Amerikanın Səsinə müsahibədə cənab Cəfərzadə deyir ki, o, 2010-cu ildə konsert üçün Urmiyədən Avropaya səfər edən Aşıq Qurbanla görüşdükdən sonra yenidən onu musiqi dünyası ilə ilk tanış etmiş aşıq sənətinə maraq göstərməyə başladı. “Mənim qəhrəmanım Koroğludur, Koroğlu üçün oxumaq istəyirəm,” deyə özünü Koroğlu aşığı adlandıran Cəfərzadə indi daha çox vaxtını aşıq sazı çalmağa sərf edir.

Cəfər Cəfəzadə ilə söhbəti Amerikanın Səsinin əməkdaşı Əlirza Quluncu aparıb:

Your browser doesn’t support HTML5

Norveçdə Koroğlu aşığı


Cəfər Cəfərzadənin ötən həftələrdə Poing adlı Avropalı bir musiqi qrupu ilə birgə çıxışları olub. Onlar həmin çıxışlarda Aşıq Qurbanın yazdığı Urmu Gölü, Duzlu Dəniz adlı bir mahnını da ifa ediblər.

http://www.youtube.com/embed/9H9rM7nNleQ