Rusiya mediası Çeçenistanda 27 nəfərin məhkəməsiz edamından yazır

2017-ci ilin yanvarında qanunsuz silahlı birləşmənin üzvü olmaqda şübhəli bilinərək saxlanmış İmran Dasayev deyib ki, həbsindən dərhal sonra onu Çeçenistan lideri Ramzan Kadırovun iqamətgahına aparıblar. O deyib ki, Kadırov onun ayağına tapançadan atəş açıb.

AzadlıqRadiosu yazır ki, "Novaya gazeta" qəzetinin haqqında yazdığı bu əhvalat daha bir neçə mənbə tərəfindən təsdiq olunub.

2017-ci ilin iyulunda "Novaya gazeta" altı ay bundan əvvəl respublikanın güc nazirliklərinin müxtəlif kəndlərə reydi zamanı 27 nəfərin saxlandığını yazmışdı.

Bu şəxslərin İslam ekstremistləri ilə bağlı olduqları bildirilirdi.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Çeçenistan şöbəsindən əldə olunmuş sənədlərdən sonradan bu 27 nəfərin istintaqsız və məhkəməsiz gullələndiyi və ya boğularaq öldürüldüyü məlum olmuşdu.

Bu edamların Ramzan Kadırovun atası Əhməd Kadırovun adını daşıyan polis polkunun həyətində icra oldunduğu bildirilirdi. "Novaya gazeta" yazırdı ki, yanvar reydləri zamanı 70 nəfər saxlanmışdı və onları elə həmin polkun zirzəmisindəki kameralara yerləşdirmişdilər.

Orada onları qandallarla istilik batareyalarına bağlamış və işgəncə verərək silahlə dəstənin üzvü olduqlarını boyunlarına qoymaq istəmişdilər.

Maraqlısı bu idi ki, bu 70 nəfərin çoxu bir-birlərini tanımırdı.

Həbs edilənlərin arasında İmran Dasayev və onun əmisi oğlu Adəm da var idi. Onları bir neçə polis nəfərini öldürmələrini etiraf etməyə məcbur etmək istəyirdilər.

"Novoya gazeta" yazır ki, İmran Dasayevin həbsi barədə Ramzan Kadırov şəxsi Instagram səhifəsində də yazmışdı. O vaxt hətta yerli Qroznı telekanalı ilə göstərilən həbs kadrlarında Ramzan Kadırov da var idi.

Həmin vaxt İmranın güllə yarası aldığını göstərən əlamətlər gözə dəymirdi. Amma rəsmi məlumatlarda onun güllə yarasını məhz həbs edilmə vaxtı aldığı deyilirdi.

Bu da məlumdur ki, Dasayevin qohumu Adəmin həbs edilməsi səhnəsi Rusiyanın federal telekanalları ilə nümayiş etdirilmişdi. Bu kadrlarda həbs edilənin Ramzan Kadırov, sözü gedən polis polkunun komandiri Aslan İrasxanovun, Çeçenistan daxili işlər naziri Ruslan Alxanovun, “Terek” xüsusi təyinatlı korpusunun başçısı Abuzayd Vismuradovun və Çeçenistan parlamentinin spikeri Maqomed Davudovun əhatəsində olduğu görünürdü.

Lakin bunun ardınca açılmış cinayət işində Dasayevin adı çəkilmirdi, Adəm isə həbs olunanların arasında ümumiyyətlə qeyd edilmirdi. Onun beynəlxalq axtarışda olduğu bildirilirdi.

"Novaya gazeta" iddia edir ki, bunun səbəbi Adəmin elə həmin polis polkunun zirzəmisində güllələnməsi idi.

Qəzet yazır ki, bu hadisənin mediaya çıxmasına baxmayaraq, Rusiya İstintaq Komitəsi adamların məhkəməsiz güllələnməsi ilə bağlı cinayət işi qaldırmaqdan imtina edib.