Şimali Koreya qısamənzilli raketlərin buraxılışını davam etdirir

Cənubi Koreya ordusu Şimali Koreyanın cərşənbə günü ballistik raket atdığını bildirib və əlavə edib ki, bununla Pxenyan Şimal-Şərqi Asiyada hərbi gərginliyi daha da artırıb.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, qısamənzilli raket paytaxt Pxenyanın şimalında yerləşən Sukçon bölgəsindən buraxılıb.

Yaponiyanın sahil mühafizəsi qeyd edib ki, raket Koreyanın şərq sahillərində dənizə düşməzdən əvvəl 5 dəqiqədən az müddət havada qalıb.

Keçən həftə Şimali Koreya 34 ballistik raket atıb ki, onlardan bəziləri Cənubi Koreya və Yaponiyada hava hücumu və sığınacaq xəbərdarlığına səbəb olub.

Cənubi Koreya suları yaxınlığına düşən raketlərdən birinin qalıqları daha sonra Cənubi Koreya Hərbi Dəniz Qüvvələri tərəfindən uzaqdan idarə olunan sualtı qurğu vasitəsilə çıxarılıb.

Çərşənbə günü Cənubi Koreyanın Müdafiə Nazirliyi tapılan raket hissələrinin şəkillərini yayımlayıb. Onların bəzilərində rus dilində yazılar olub.

Cənubi Koreya rəsmilərinin bildirdiyinə görə, raket qalıqlarının Sovet İttifaqı tərəfindən hazırlanmış "SA-5" yer-hava raketi ilə eyni xüsusiyyətləri var. Cənubi Koreya rəsmiləri qeyd ediblər ki, Rusiya bu yaxınlarda Ukraynadakı müharibədə oxşar raketdən istifadə edib.

Şimali Koreyanın Rusiya ilə sıx diplomatik və hərbi əlaqələri var. Hər bir ölkənin ABŞ-la münasibətləri pisləşdiyindən bu əlaqələr son illər daha da yaxşılaşıb.

Keçən həftə ABŞ Şimali Koreyanı Ukrayna müharibəsi üçün Rusiyaya minlərlə artilleriya mərmisi verməkdə ittiham edib. Çərşənbə axşamı Şimali Koreya bu ittihamı rədd edərək, ABŞ-ın onun nüfuzunu "ləkələməyə" çalışdığını deyib.

Son bir ildə Şimali Koreya ABŞ və müttəfiqlərinə qarşı düşmən mövqeyini daha çox nümayiş etdirib. O, 70-dən çox raket buraxıb.

Şimali Koreya bildirib ki, onun keçən həftə atdığı raketlər ABŞ-la Cənubi Koreyanın birgə hərbi təlimlərinə cavabdır. Şimali Koreyadan artan sınaqlara cavab olaraq, 2022-ci ildə təlimlər gücləndirilib.