Şimali Koreya ölkənin yaranmasının ildönümünü hərbi paradla qeyd edib

Kim Conq Un. 8 sentyabr, 2023. Pxenyan, Şimali Koreya.

Şimali Koreya lideri Kim Conq Un ölkənin yaranmasının ildönümünü hərbiləşdirilmiş qrupların paradı və Çin və Rusiya ilə əlaqələri dərinləşdirməyə söz verdiyi diplomatik mübadilələrlə qeyd edib.

Dövlət mediası KCNA şənbə günü bildirib ki, Kim paradı Pxenyanda Kim İl Sunq Meydanından izləyib və ölkəni ziyarət edən Çin nümayəndə heyəti ilə danışıqlar aparıb.

Paradda əsgərləri və silahları daşıyan yük maşınlarında və traktorlarda gizlədilmiş reaktiv yaylım atəşi qurğuları nümayiş etdirilib ki, bu, milislərin müharibədə partizan döyüşçüləri kimi rolunu vurğulayır.

Çin Prezidenti Şi Tsinpin strateji kommunikasiya və iş səviyyəsində əməkdaşlığını gücləndirmək niyyətini ifadə edən məktub göndərib.

Rusiya Prezidenti Vladimir Putin də Kimə məktib yollayaraq iki ölkənin Koreya yardımadası və Şimalşərqi Asiyada təhlükəsizlik və sabitliyi təmin etmək üçün ikitərəfli əlaqələri genişləndirəcəyini bildirib.

“Çin-Rusiya-Şimali Koreya arasında artan əməkdaşlıq və Şinin Hindistanda G20 sammitinə qatılmaması Asiyanın geosiyasi landşaftında genişlənən çatların olduğuna işarə edir,” Seulda Evha Universitetinin professoru Leif-Erik İsli deyir.

“Regiondakı əksər maraqlı tərəflər yeni bir Soyuq Müharibədən qaçmaq istəyir, ancaq Pekin və Moskva Pxenyanı dəstəklədikcə və Şimali Koreya Çinlə və Rusiyanın beynəlxalq nizama meydan oxumasına qoşulduqca, bu, getdikcə çətin görünür.”

İyirmilik qrupunun (G20) hər il keçirilən iki günlük sammiti şənbə günü Yeni Dehlidə start alıb. Sammitdə əsasən Qərb ölkələri iştirak edib. Çin prezidenti Şi və Rusiya prezidenti Putin sammitə getməyib.

Kimin Putinlə Rusiyanın Ukraynaya tam-miqyaslı hərbi müdaxiləsini dəstəkləmək məqsədilə Moskvaya silah tədarükünü müzakirə etmək üçün bu ay Rusiyaya səfər edəcəyi gözlənilir.

Şimali Koreya onsuz da böyük ordusu orduya bağlı Fəhlə-Kənd Qırmızı Mühafizəçiləri kimi müxtəlif hərbiləşdirilmiş, ehtiyat və təhlükəsizlik qrupları ilə tamamlayır.