Kimya üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb

2023-cü ildə kimya üzrə Nobel mükafatı “kvant nöqtələrinin kəşfi və sintezi”nə görə, alimlər Aleksey Ekimov, Munqi Bavendi və Lui Bryusa verilib. Bu barədə Nobel Komitəsinin mətbuat xidməti məlumat yayıb.

78 yaşlı Ekimov keçmiş Sovet İttifaqında anadan olub, Bavendi fransalı, Brüs isə amerikalıdır. Lakin onların hər üçü ABŞ-da yaşayır və Amerika universitetlərində çalışır.

Kimya üzrə Nobel Komitəsinin sədri Yohan Akist "Kvant nöqtələrinin bir çox maraqlı və qeyri-adi xassələri var. Qeyd etmək lazımdır ki, onların ölçüsündən asılı olaraq müxtəlif rəngləri olur" deyib.

Kvant nöqtələrinin ilk kəşfçisi Aleksey Ekimov olub. O, Leninqrad Dövlət Universitetinin fizika fakültəsinin Molekulyar Fizika kafedrasında təhsil alıb. Bundan sonra o, A.F. İoffe adına Fizika-Texniki İnstitutunda və S. İ. Vavilov adına Dövlət Optika İnstitutunda işləyib.

Ekimovun işləri SSRİ dövründə də tanınıb. 1976-cı ildə alim “Yarımkeçiricilərdə elektronların və nüvələrin spinlərinin optik oriyentasiyası ilə bağlı yeni hadisələrin aşkarlanması və tədqiqi” silsilə əsərlərinə görə Dövlət Mükafatı alıb.

Bryus və Bavendi 1980-ci illərdən bəri onun ideyalarını inkişaf etdirib. Hazırda kvant nöqtələri, məsələn, LED lampalar və televiziya ekranlarında istifadə olunur.
SSRİ-nin dağıldıqdan sonra, Ekimov 1999-cu ildən ABŞ-da yaşayır və işləyir.

Kimya üzrə Nobel mükafatı laureatlarının rəsmi elanından bir neçə saat əvvəl İsveç Kral Elmlər Akademiyası məktub göndərərək, mükafatın qaliblərinin adlarını qeyd edib. Reuters yazır ki, məktubun səhvən göndərildiyi güman edilir.