Rusiyanın son müstəqil qəzetlərindən birinin redaktoru Dmitri Muratov bazar ertəsi 2021-ci ildə aldığı Nobel Sülh Mükafatı medalını hərrac vasitəsi ilə satıb. Rekord 103,5 milyon dollar təşkil edən məbləğ Rusiyanın Ukraynada müharibəsi nəticəsində didərgin düşmüş uşaqlar üçün istifadə ediləcək.
Təşkilatçı Heritage Auctions şirkəti Ümumdünya Qaçqınlar Günündə keçirilən hərracın qalibinin adını açıqlamayıb.
Pul UNICEF vasitəsi ilə məcburi köçkün olan ukraynalı uşaqlara humanitar yardım üçün ayrılacaq.
Muratov 2021-ci ildə filippinli jurnalist Mariya Ressa ilə birlikdə öz ölkələrində söz azadlığının qorunması sahəsində fəaliyyətlərinə görə Nobel Sülh Mükafatına layiq görülüb.
Nobel mükafatı üçün ödənilən əvvəlki rekord qiymət 2014-cü ildə 4,76 milyon dollar olub.
Muratov bazar ertəsi keçirilən hərracdan sonra deyib ki, "çox böyük həmrəylik olacağına ümid edirdim, lakin mən bunun belə böyük bir məbləğ olacağını gözləmirdim".