İqtisadiyyat üzrə Nobel mükafatına bazar ertəsi Harvard Universitetinin professoru Klaudiya Qoldin layiq görülüb. Bu mükafat ona əmək bazarında gender uçurumunun anlaşılmasını təkmilləşdirən tədqiqata görə verilir.
Bu, Nobel Komitəsinin öznün də gender fərqini aradan qaldırmaq üçün atdığı kiçik bir addımdır. Belə ki, Qoldin iqtisadiyyat üzrə bu mükafatı qazanan 93 laureat arasında 3-cü qadındır.
O, qadınların iş yerlərində 200 illik iştirakını tədqiq edərək, davamlı iqtisadi artıma baxmayaraq, qadınların maaşının kişilərin maaşından az olduğunu və qadınların kişilərlə müqayisədə daha yüksək təhsil səviyyəsinə baxmayaraq, hələ də fərqin mövcud olduğunu göstərib.
"Qadınların əmək bazarındakı rolunu başa düşmək cəmiyyət üçün vacibdir. Klaudia Qoldinin təməlini qoyduğu bu tədqiqat sayəsində biz indi əsas amillər və gələcəkdə hansı maneələrin aradan qaldırılacağı barədə daha çox şey bilirik" - deyə, İqtisadiyyat Elmləri Mükafatı Komitəsinin sədri Jakob Svensson bildirib.
Mükafat komitəsinin üzvü Randi Hyalmarsson Qoldinin həll yollarını təklif etədiyini, lakin onun araşdırmasının siyasətçilərə problemi köklü şəkildə həll etməyə imkan verdiyini bildirib.
Hyalmarsson "Nəhayət, problemi başa düşmək və onu düzgün adla çağırmaqla, biz irəliyə doğru daha yaxşı bir yol aça biləcəyik" deyib.
Çərşənbə axşamı akademiya fizika üzrə Nobel mükafatını "elektronların hərəkət etdiyi və ya enerjini dəyişdirdiyi sürətli prosesləri ölçmək üçün istifadə edilə bilən olduqca qısa işıq impulsları yaratmağın yolunu nümayiş etdirdiklərinə görə" Pyer Aqostini, Ferenc Krauz və Anne Luillyeyə verib.
Çərşənbə günü kimya üzrə Nobel mükafatına "kvant nöqtələrinin kəşfi və sintezi"nə görə, alimlər Aleksey Ekimov, Munqi Bavendi və Lui Bryus layıq görülüb.
Cümə günü Nobel Sülh Mükafatına həbsdə olan iranlı fəal Nərgiz Məhəmmədi qadın hüquqları və demokratiya uğrunda, eləcə də ölüm cəzasına qarşı yorulmaz mübarizəsinə görə layıq görülüb.