Dekabrın 18-də həbs edilən Təbriz sakini azərbaycanlı alpinist Məlihə Bəni Əsədin səhhəti və harada olduğu ilə bağlı heç bir məlumat yoxdur.
Ərk cəmiyyətindəki hüquq müdafiəçilərinin bildirdiyinə görə, Bəni Əsəd təhlükəsizlik qüvvələri tərəfindən iş yerində həbs edilib, lakin indiyədək onun harada olması və ona qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.
İslam Respublikasının qanunlarına görə, həbs edilmiş şəxs 24 saatdan artıq həbsdə saxlanılmamalıdır, lakin təhlükəsizlik qüvvələri bu qanunu pozmaqla yanaşı, həbs edilmiş şəxslərin vəkilə çatım hüququnu və ailələri ilə əlaqə saxlamasını məhdudlaşdırır.
Sentyabrın 16-da İranda gənc qadın Məhsa Əmininin ölümündən sonra baş qaldıran ictimai etirazlardan sonra İran hökuməti internet və sosial şəbəkələri məhdudlaşdırmaqla bu etirazlarda həbs olunan və öldürülənlər haqqında informasiyanın azad dövriyyəsinə əngəl olub.
HRA xəbər agentliyi əldə etdiyi məlumatlara əsasən İranda son etirazlarda həbs olunan və öldürülənlərin statistikası ilə bağlı hesabat təqdim edir. Həmin statistikaya görə, İranda sentyabr ayından bəri 508 etirazçı həyatını itirib, 19 mindən çox insan həbs edilib.
Təhlükəsizlik qüvvələrinin etirazlar zamanı həbs olunanların dəqiq xəbərlərinin yayılmasının qarşısını almaq üçün ailələri hədələdiyi nəzərə alındığı təqdirdə, bu rəqəmlərin daha yüksək olduğu ehtimal olunur.