Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri 14 il azadlıqdan məhrum edilib

Vasif Talıbov və Vəli Ələsgərov

Məhkəmə prosesi qapalı keçirilib

İyunun 24-də Naxçıvan Muxtar Respublikasının (NMR) Hərbi Məhkəməsində muxtar respublikanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov 14 il həbsə məhkum edilib.

Dövlət ittihamçısı Ələsgərova 14 il 3 ay həbs istəmişdi. Bu barədə Amerikanın Səsinə vəkil Vüqar Xasayev bildirib.

“Bu, ədalətsiz, qanunsuz, əsassız və Allahsız hökmdür”, vəkil qeyd edib.

Məhkəmə prosesi qapalı keçirilib.

Xatırladaq ki, V.Ələsgərov 15 il Naxçıvanın keçmiş Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edib. 2015-ci ilin dekabrında gözlənilmədən işdən çıxarılıb. Bundan sonra ona qarşı mənimsəmə, sui-istifadə və səlahiyyəti aşmaq ittihamı ilə cinayət işi qaldırılıb.

V.Ələsgərovu bir müddət həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılıb. Lakin öz günahsızlığı və həbs zamanı işgəncələrə məruz qalması barədə mətbuata açıqlama verdikdən sonra yenidən həbs olunub. İbtidai istintaqın yekunlarına görə, V.Ələsgərova qarşı daha bir ittiham – qanunsuz dinləmə ittihamı irəli sürülüb.

Məhkəmə prosesi iyunun 8-də başlayıb. Cəmi 5 məhkəmə iclası keçirilib və məhkəmə başa çatıb.