Niyaməddin Əhmədov quru aclığa başlayıb

Niyaməddin Əhmədov və Əli Kərimli 19 oktyabr aksiyası zamanı

AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov sentyabrın 22-dən quru aclıq edir.

Bu barədə AXCP sədri Əli Kərimli Facebook səhifəsində qeyd edib.

“Onu ətraf aləmdən tam təcrid etmişdilər. Nə ailəsilə, nə vəkili ilə əlaqəsinə imkan verilib. Biz də onun quru aclıq etməsini bilməmişik. Nəhayət, dünən vəkil onunla telefonla danışa bilib. Məlum olub ki, Niyaməddin bəy həm COVİD 19-a yoluxub, həm də bu vəziyyətdə bütün dərmanlardan da, qida və sudan da imtina edib. Yalnız 3 oktyabrda vəkillə danışa biləcəyini bildikdən sonra su qəbul edib. Ancaq aclığı davam etdirir, dərman qəbul etmir” - deyə, AXCP sədri qeyd edib.

Əli Kərimli Niyaməddin Əhmədovdan aclıq aksiyasının dayandırılmasını xahış edib.

“Niyaməddin bəydən xahiş edirəm ki, canına qəsd etməsin, dayandırsın ölüm aclığını. Azərbaycan xalqı tükənməyib. Niyaməddin bəyin və digər məhbus dostlarımızın haqqını birlikdə müdafiə edəcəyik. Niyaməddin bəy və digər siyasi məhbus dostlarımız uzun müddət həbsdə qalmayacaq. Vəkili Zübeydə xanımdan xahiş edirəm, mənim müraciətimi elə bu gün Niyaməddin bəyə çatdırsın. İlham Əliyev isə unutmasın ki, Niyaməddin bəyin həyatına görə şəxsən o məsuliyyət daşıyır. Niyaməddin bəyi azad edin! Xalqımız da rejimin bu günahsız, ləyaqətli gənci məhv etməsinə seyrçi qalmasın. Bu qəddarlığa, bu insafsızlığa hər bir vicdanlı insan etiraz etməlidir!”

Öz növbəsində bu məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

İxtisaslaşdırılmış Müalicə Müəssisəsi isə onun yalnız COVİD-19 virusuna yoluxduğunu bildirib.

Niyaməddin Əhmədov ötən il aprelin 16-da İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejiminin pozulması) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə 30 gün həbs edilib. Mayın 16-da, həbsdən azad edilməli olan gündə isə ona qarşı cinayət məcəlləsinin (CM) 214-1-ci (terrorizmin maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə açıqlamasına əsasən, Almaniyada sığınacaq almış Azərbaycan vətəndaşı Habil Məmmədov terror aktlarının hazırlanması məqsədilə Niyaməddin Əhmədova pul göndərib.

AXCP-də bu ittihamları qondarma və siyasi motivli adlandırıblar. Habil Məmmədov da ittihamı yalanlayıb.