Vəkil Niyaməddin Əhmədovun intihara cəhd etməsi barədə məlumatı təkzib edib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun intihara cəhd etməsi barədə xəbərlər təsdiqini tapmayıb.

Bu barədə onun vəkili Zübeydə Sadıqova bildirib.

"Hazırda Niyaməddin Əhmədovla görüşdən gəlirəm. Özünə qəsd etməsi xəbəri doğru deyil. Səhhəti yaxşı olmasa da, aclığı davam etdirir. Partiya rəhbərliyinin, valideynlərinin aclığı dayandırmaqla bağlı xahişlərini bir daha Niyaməddin Əhmədova çatdırdım. Sabah bu barədə qərar verəcək", vəkil deyib.

Vəkil yenidən İstintaq Təcridxanasında Niyaməddin Əhmədovla görüşəcəyini bildirib.

Müdafiə xətti İctimai Birliyinin icraçı direktoru Rüfət Səfərov Facebook səhifəsində yazıb ki,1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Niyaməddin Əhmədov intihara cəhd edib.

"Niyaməddin Əhmədov intihara cəhd edib, onun qarşısı alınıb. Niyaməddinin vəziyyəti çox ağırdır", Səfərov Əhmədovla eyni korpusda saxlanılan məhbusa istinadən bildirib.

Mənbənin məlumatına görə, Əhmədovun kamerası qarşısında gecə-gündüz nəzarət postu quraşdırılıb.

Öz növbəsində Penitensiar Xidmət bunu təkzib edib.

Niyaməddin Əhmədov 13 il azadlıqdan məhrum edilib.

Bu barədə oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyavuş Hacıyevin sədrliyi ilə hökm çıxarılıb.

Amerikanın Səsinin hadisə yerindən olan müxbirinin verdiyi məlumata görə, Niyaməddin Əhmədov CM-in 214-1 (terroru maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə təqsirli bilinib.

Niyaməddin Əhmədov özü məhkəmədə iştirak etməyib. O, video-konfrans vasitəsilə prosesə qoşularaq son sözündə günahsız olduğunu bildirib.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıblar.

Müdafiə tərəfi birinci instansiya məhkəməsinin qərarından apellyasiya verəcək.