Niyaməddin Əhmədova vəkili ilə əlaqə yaradılmasına icazə verilmir

AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğu bildirilən Niyaməddin Əhmədovun vəkili ilə əlaqə yaratmasına icazə verilmir.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, sentyabrın 28-də Niyaməddin Əhmədovla görüşünə icazə verilməyib:

"İxtisaslaşdırılmış Müalicə Müəssisəsi bəhanə etdi ki, Penitensiar Xidmətdən məktub almalıyam. Penitensiar Xidmət isə Niyaməddinin Covid-19 virusuna görə görüşməyə icazə verilmədiyini dedi. Hətta bildirdim ki, telefonla danışığım təmin edilsin. Buna da imkan verilmədi".

Ailəsinin Niyaməddin Əhmədovun durumundan narahat olduğunu deyən vəkil valideynlərinin ondan neçə gündür bir məlumat ala bilmədiklərini də əlavə edib:

"Niyaməddin Əhmədovun 15 may 2020-ci ildən bu günə kimi telefonla danışmaq hüququ təmin edilməyib".

Bu məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Niyaməddin Əhmədov

Niyaməddin Əhmədov ötən il aprelin 16-da İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejiminin pozulması) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə 30 gün həbs edilib. Mayın 16-da, həbsdən azad edilməli olan gündə isə ona qarşı cinayət məcəlləsinin (CM) 214-1-ci (terrorizmin maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə açıqlamasına əsasən, Almaniyada sığınacaq almış Azərbaycan vətəndaşı Habil Məmmədov terror aktlarının hazırlanması məqsədilə Niyaməddin Əhmədova pul göndərib.

AXCP-də bu ittihamları qondarma və siyasi motivli adlandırıblar. Habil Məmmədov da ittihamı yalanlayıb.

Bu günlər Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək Niyaməddin Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Proses sentyabrın 29-da davam edəcək.