Nina Oqnyanova: Avropa siyasi məhbusların azad edilməsini oyunlardan əvvəl şərt kimi irəli sürməlidir [Video]

Your browser doesn’t support HTML5

Jurnalistləri Müdafiə Komitəsi dünyada mətbuata ən çox məhdudiyyət qoyulan 10 ölkə arasında Azərbaycanı da göstərib. Komitənin Avropa və Mərkəzi Asiya proqramının koordinatoru Nina Oqnyanova Amerikanın Səsinə müsahibədə Azərbaycanda jurnalistlərə təzyiqlərin gücləndiyini deyib.

Dilşad Əliyarlı: Jurnalistləri Müdafiə Komitəsi dünyada mətbuata ən çox məhdudiyyət qoyulan 10 ölkə arasında Azərbaycanı da göstərib. Azərbaycan siyahıda Avropa Şurasının üzvü olan yeganə ölkədir və bu yaxınlarda Avropa oyunlarına hazırlaşır. Vəziyyət bu məqamə necə gəlib çatıb?

Nina Oqnyanova: Azərbaycanda mətbuat azadlıqları sahəsində vəziyyət çox pis olaraq qalır. Bununla belə son iki ildə Azərbacyan hökumətinin tənqidçiləri olan müstəqil media və müstəqil tənqidçilər, müxalifət və vətəndaş hüquqları fəalları, insan hüquqları müdafiəçilərinə qarşı təqiblər görünməmiş bir səviyyəyə qalxıb. Azərbaycanda əsas yayım informasiya mənbələri, xüsusilə də beynəlxalq medianın yayımı qadağan edilib. Alternativ informasiya mənbələri də çox məhduddur.

Biz ən çox senzura tətbiq edən ölkələrə namizədləri bir neçə kriteriya üzrə seçirik. Buraya müstəqil medianın ölkədə nisbətən azad şəkildə fəaliyyət göstərə bilməsi, işinə görə həbs edilmiş jurnalistlərin və professional fəaliyyətlərinə görə müxtəlif təzyiqlərlə qarşılaşdıqları üçün ölkəni tərk etməkli olmuş jurnalistlərin sayı daxildir. Biz internet və digər informasiya vasitələrindən azad şəkildə istifadə etmək imkanına da diqqət yetiririk. Azərbaycan həqiqətən də bütün bu kriteyaralara ən pis şəkildə cavab verib. Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda həbsdə olan jurnalistlərin sayına görə öndə gedir. Hazırda birbaşa işi ilə əlaqədar həsbdə olan jurnalistlərin sayı doqquza çatıb. Azərbaycan üçün ən pis göstərici aparıcı insan hüquqları müdafiəçisi Emin Hüseynovun qaçıb İsveçrə səfirliyində gizlənməsidir, çünki öz ölkəsi ona qarşı siyasi motivli ittihamlar irəli sürüb həbsə salmağa hazır idi. Vəziyyət həqiqətən də dəhşətlidir və biz Azərbaycanı bu siyahıya salmaqdan öncə ikinci dəfə fikirləşməli olmadıq.

Dilşad Əliyarlı: Narahat doğuran başlıca sahələr hansılardır?

Nina Oqnyanova: Həbsdə olan jurnalistlərin sayı kifayət deyilmi? Onlarla jurnalist azad şəkildə işləyə bilmədiyi üçün ölkəni tərk etməli olub. Müstəqil media rəsmilər tərəfindən irəli sürülmüş siyasi ittihamlar əsasında susdurulub. Onların ailələri təqiblərlə üzləşib. Biz bunları sənədləşdirmişik. QNT-lərin fəaliyyətini iflic vəziyyətinə salmış uzun sürən məhkəmə prosesləri. Bu siyahını davam etdirmək olar. Biz bu haqda daha çox danışa bilərik və mən siyahını davam etdirə bilərəm.

Dilşad Əliyarlı: Jurnalistləri Müdafiə Komitəsinin də daxil olduğu bir qrup beynəlxalq təşkilat Azərbaycandan doqquz jurnalistin işinə baxılmasını prioritet etmək üçün İnsan Haqları Məhkəməsinə məktub göndərib. Bu haqda daha ətraflı məlumat verə bilərdinizmi?

Nina Oqnyanova: Bu il Bakının ev sahiblyi edəcək Avropa Oyunları ərəfəsində bir sıra beynəlxalq təşkilatlar “Hüquq naminə idman” koalisiyası formalaşdırdı. Bunun əsasında duran ideya odur ki, Avropa oyunları Olimpiya oyunlarının xartiyasında deyildiyi kimi “xeyirin gücü” olmalıdır və Beynəlxalq İnsan Haqları Məhkəməsi və başqa beynəlxalq liderlər Azərbaycana insan hüquqlarına dair qəbul etdiyi beynəlxalq təəhhüdlərə sadiq qalması və mətbuat azadlığı və insan ləyaqətinə dair öhdəliklərinə əməl etməsi üçün təzyiq göstərməlidir. Oyunlar ərəfəsində mətbuata təzyiqlərin azaldığı deyil, təqiblərin və senzuranın artdığını görürük. Bu, bizim koalisiyanı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyə vadar etdi. Orada Azərbaycandan mətbuatla bağlı baxılmasını gözləyən çox sayda məhkəmə işi var. Bəzi işlər orada aylar və illərdir qalır və Avropa məhkəməsi onlarla bağlı hələ də cavab verməyib. Biz məhkəmədən bu işlərə baxılmasını sürətləndirmək və onları prioritet etməsini istədik, çünki bu, oyunlara ev sahibliyi edən ölkədə insan hüquqları və vətəndaş cəmiyyətinin necə ağır durumda olduğunun göstəricisidir.

Dilşad Əliyarlı: Bakının öz imicini yaxşılaşdırmaq üçün keçirdiyi Avropa oyunlarından əvvəl insan hüquqları müdafiəçiləsi, blogerlər və jurnalistlərin azad edilməsi üçün nə etmək lazımdır?

Nina Oqnyanova: Azərbaycan mətbuat azadlığı və insan hüquqları sahəsində həm daxili, həm də xarici narahatlıqları aradan qaldırmalıdır. Beynəlxalq ictimaiyyət Azərbaycana konstruktiv şəkildə təzyiq göstərməlidir ki, oyunların başlamasından əvvəl bütün siyasi məhbusları azad etsin. Bunu bir çox müxtəlif yollarla etmək mümkündür; Azərbaycanla ikitərəfli və çoxtərəfli danışıqlar, Azərbaycana bunu etmək üçün təzyiq göstərə bilən beynəlxalq liderlər vasitəsilə etmək olar. Əslində, Avropa oyunlarının başlaması üçün siyasi məhbusların azad edilməsi kimi bir şərt qoyulmalıdır.