Nils Mujnieks vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb

Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks

Görüşlərdə mülkiyyət hüququ, İlqar Məmmədov barəsində cinayət işi, siyasi məhbuslar və internet azadlığı məsələləri diqqət mərkəzində olub
Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks bu gün Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirib.

O, Sülh və Demokratiya İnstitutunun (SDİ) lideri Leyla Yunusla iki saat söhbət edib.

L.Yunus Amerikanın Səsinə bildirib ki, mülkiyyət hüquqlarının pozulması və siyasi məhbuslar məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb.

L.Yunus mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulması, vətəndaşların zorla evlərindən çıxarılması, Bakı meri və Dövlət Əmlak Komitəsinin rəhbərinin qanunsuz sərəncamlarından danışıb.

O “Qış bulvarı”nın salınması ilə bağlı Bakı merinin sərəncamını qeyd edib. Bu sərəncam əsasında söküntü zonası genişlənib. Belə ki, 2009-cu il 24 sentyabr sərəncamına əsasən 4 küçədə, 2011-ci il 16 fevral sərəncamına əsasən 6 küçədə evlərin sökülməsi nəzərdə tutulub. Digər sərəncama görə, 12 küçədə söküntü işləri aparılıb”, - L.Yunus bildirib.

Onun məlumatına görə, son illər Bakıda 100 minə yaxın adamın mülkiyyət hüququ pozulub və bu proses davam edir.

Siyasi məhbuslar problemindən danışan L.Yunus deyib ki, yanvarın 23-də Avrop Şurası Parlament Assambleyasında Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslara dair hesabatı təsdiqlənməyəndən sonra vəziyyət pisləşib.

“Hazırda siyasi məhbusların sayı 80 nəfəri ötür”.

N.Mujnieks vəkil Fuad Ağayevlə görüşüb, ReAL hərəkatının lideri İlqar Məmmədovun işi ilə maraqlanıb.

F.Ağayev İsmayıllı hadisələri ilə əlaqədar həbs olunan İ.Məmmədova qarşı ittihamların əsassız olması barədə komissara məlumat verib. Strasburq məhkəməsi növbədənkənar qaydada İ.Məmmədovun qanunsuz həbsi ilə bağlı şikayətə baxmağa başlayıb.

Görüş zamanı vətəndaşların mülkiyyət hüquqlarının pozulması mövzusuna da toxunulub. İş üzrə şikayətlərdən 15-i Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.

N.Mujnieks bloger Əli Novruzovla da görüşüb. Söhbət zamanı İnternet azadlığı ilə bağlı məsələlər müzakirə olunub.