Nigeriyada iki intiharçı hücumu

Oktyabrın 29-da səhər Nigeriyanın Borno əyalətinin mərkəzi Maiduguridə iki partlayış olub. Partlayış nəticəsində 9 adam ölüb, 24 nəfər yaralı var.

Partlayışlardan birinin 16 mindən artıq qaçqının olduğu düşərgəyə soxulmaq istəyən Boko Haram qruplaşması terrorçularının törətdiyi güman edilir. Bir neçə dəqiqəlik fasilədən sonra ikinci partlayış dövlətə məxsus neft deposunda həyata keçirilib.

Partlayışın məsuliyyətini üzərinə alan olmayıb.

Qrup Nigeriyanın şimalında İslam Dövləti yaratmağa çalışır.

Boko Haram 2009-cu ildən Nigeriyada terror hadisələri törədir. Zorakılıqlar nəticəsində 17 min adam həlak olub.

UNICEF-in təxminlərinə görə, ölkədə 50 min uşaq aclıqdan ölə bilər. 250 min adam aclıq təhlükəsi qarşısındadır.

Zorakılıqlar qonşu Niger, Çad və Kameruna da yayılıb.

Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı ilə bağlı hesabatında Boko Haram qrupunun dünyada din azadlığını ən ciddi şəkildə pozanlar arasında öndə getdiyi bildirilib

Dövlət Departamenti qeyd edib ki, Boko Haram Afrikada onların irəli sürdüyü zorakı ideologiyaya qarşı çıxan həm müsəlmanlar, həm də xristianları hədəf alan zorakı hücumlar törətməyə davam edir.