Beynəxalq Qırmızı Xaç komitəsi Tvitter səhifəsində helikopterə minmək üçün növbədə dayanan qızların fotosunu paylaşıb.
Təşkilat qızların evə qayıtması üçün "neytral vasitəçi rolunda" çıxış etdiyini bildirib.
Qızların prezident Məhəmməd Buhari ilə görüşəcəyi gözlənilir.
Nigeriya hökumətinin rəsmiləri bazar günü qızların azad edildiyini təsdiq edib.
Qızlar Boko Haram qrupu və hökumət nümayəndələri arasında danışıqların nəticəsində azad edilib. Prezident Buharinin ofisinin açıqladığı bəyanatda qızların Boko Haram qrupunun həbsdə olan bəzi üzvlərinin azadlığa buraxılması müqabilində azad edildiyi bildirilir.
Bəyanata əsasən, prezident Buhari Çibokda reyd zamanı oğurlanmış qızların qalan hissəsinin də azad ediləcəyinə ümid bəsləyir.
Prezident bəyanatda Nigeriya təhlükəsizlik və hərbi qüvvələrindən qızların azad edilməsində roluna görə razılığını ifadə edib. Buhari həmçinin İsveçrə hökuməti, Beynəxalq Qırmızı Xaç komitəsi və yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarına təşəkkürünü bildirib.
Nigeriya hökumət rəsmiləri 2014-cü il avqustun 14-də Çibokda orta məktəbdən 276 qızın oğurlandığını bildirib.
Boko Haram qrupu qızların İslam dinini qəbul etdiyini iddia edib və yalnız qrupun Nigeriya hökuməti tərəfindən saxlanılan üzvlərinin azadlığa buraxılması şərtilə azad ediləcəyini bildirib.