Nigar Yaqublu: "Azadlığa qovuşmaq çox möhtəşəm bir duyğudur"

Bu gün azadlığa çıxan Nigar Yaqublu Amerikanın Səsinə müsahibə verib
Bu gün, mart ayının 2-si Müsavat Partiyasının üzvü və gənclər təşkilatının sədr müavini Nigar Yaqublu şərti azadlığa buraxılıb. Nigar Yaqublu ötən il sentyabrın 11-də saxlanılıb, onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlı olub. Nigarın ailə üzvləri və Musavat Partiyasının rəhbərliyi qarşı tərəfin şikayəti olmadan Nigar Yaqublunun həbs edilməsinin siyasi xarakter daşıdığını bildirib. Artıq evlərində olan Nigar Yaqublu Amerikanın Səsinə müsahibə verib. Müsahibəni sizə təqdim edirik:

Your browser doesn’t support HTML5

Nigar Yaqublu həbsdən sonra Amerikanın Səsinə danışdı


Emil Quliyev: Azadlığa çıxmağınız münasibətilə sizi təbrik edirik. 6 aya yaxındır həbsdəsiniz və bu gün şərti olaraq da olsa, azadlığa buraxılmısınız.

Nigar Yaqublu: Düzü gözləmirdim, mənim üçün sürpriz oldu. Azadlıq gözəl bir şey imiş. Bir onu bildim ki, bu qədər müddətdən sonra azadlığa qovuşmaq çox möhtəşəm bir duyğudur.

Sual: Həbsinizi necə qiymətləndirirsiniz?

Nigar Yaqublu: Qəza idi, törətmişdim. Onun da cəzasını çəkəcəkdim. İndi nə dərəcədə ədalətlidir, nə dərəcədə ədalətli cəza cəkdim, amma çəkdim.

Sual: Məhkəmələrdə vəkilləriniz, eləcə də ailə üzvləriniz və Partiya yoldaşlarınız həbsinizin siyasi motivli olduğunu bildirirdilər. Sizin fikriniz nədir?

Nigar Yaqublu: Mənim siyasi fəaliyyətim də var. Demirəm mənim çox geniş siyasi fəaliyyətim var idi, ancaq o da təbii ki bu işdə az rol oynamırdı.

Sual: Şərti azadlığa buraxılmısınız. Xahiş edərdim ki, bu azadlığın şərtlərinin detallı olaraq nədən ibarət olduğunu bildirəsiniz. Mətbuat orqanlarından oxuduq ki, 12 saat ərzində ailənizlə birlikdə olmağa icazə verilib, başqa bir məlumat verilmir.

Nigar Yaqublu: Mən çox dəqiqliklə bilmirəm, ona görə sizə tam deyə bilməyəcəm. Mənə elə bir şey demədilər, hələ ki gəlmişəm, tam dəqiqliklə bilmirəm necə olacaq. O hələ mənim özüm üçün də qaranlıqdı. Məntəqədən evə gəlmişəm, bundan sonra necə olacağını özləri mənə deyəcəklər.

Sual: Sosial şəbəkələrdə belə bir fərziyyə irəli sürülür ki, sizin məhz bu gün azadlığa buraxılmağınız ölkədə əsgər ölümləri ilə bağlı aksiyalara çağırışlar vaxtına təsadüf edir və gündəmin dəyişdirilməsi məqsədi daşıya bilər.

Nigar Yaqublu: Orada qəzet olmadığı üçün demək olar ki, yarım aydır ki, mətbuatdan xəbərim yoxdur. Ona görə də tam bilmirəm ki, bu saat cəmiyyətdə nə var, nə yox. Xəbərim yoxdur.

Sual: Yəni soruşmaq istədiyim odur ki, dünən və ya bir həftə əvvəl sizə bu gün, mart ayının 2-si sərbəst buraxılacağınız haqda məlumat verilmişdirmi?

Nigar Yaqublu: Xeyr, bilmirdim, sürpriz oldu. Mənə bu gün dedilər.