Birləşmiş Ştatların məşhur Nyu-Orleans şəhərini bu həftə nasos sisteminin nasazlığı ilə əlaqədar su basdıqdan sonra şəhərdə fövqəladə vəziyyət elan edilib.
Nyu-Orleanın meri Mitç Lendru şəhərin nasos sisteminin təmiri işində irəliləyiş əldə edildiyini bildirsə də, təmirin nə zaman başa çatacağı barədə heç bir söz deməyib.
Mer güclü yağışların hələ də sellərə səbəb ola biləcəyini və fövqəladə vəziyyət elan edilməsinin ştatın şəhəri lazımi resurslarla təmin etməsinə yardım edəcəyini deyib.
Keçən həftə boyu davam edən güclü yağışlar 2005-ci ildə Katrina qasırğasının sulara qərq etdiyi şəhəri təmin edən nasos sistemini sıradan çıxarıb.