İran parlamenti üzvünün dediyinə görə, hökumətin məcburi hicabın tətbiqi ilə bağlı yeni strategiyasına əsasən, qadınlara qarşı fiziki cəzanın aradan qaldırılması və bunun əvəzində İslam Respublikası lideri tərəfindən təsdiq edilmiş maliyyə və inzibati cəzaların tətbiq edilməsini nəzərdə tutulacaq.
İran parlamentinin üzvü Hüseyn Cəlali martın 27-də bildirib ki, yeni plana icbari hicab qanununu pozanlara 30 milyard İran rialına (60 min dollar) qədər maliyyə cəzası daxildir. O, hicab tələbinə əməl etməyən qadınlara qarşı tətbiq ediləcək əlavə cəzaların sürücülük vəsiqəsinin və pasportun ləğvi, internetə çıxışın qadağan edilməsindən ibarət olduğunu bildirib.
Cəlali bildirib ki, yeni təkliflərə əsasən, fiziki cəzaya icazə verilməyəcək. Bunun əvəzinə qaydanı pozanlar əvvəlcədən müəyyən edilmiş cəzaya uyğun olaraq cəzalandırılacaq.
Fiziki qarşıdurmaların qarşısının alınması məqsədi ilə hicabsız qadınları izləmək üçün ictimai yerlərdə müşahidə kameralarından istifadə olunacaq və bundan sonra qanunu pozanlar tapılıb cəzalandırılacaq. Cəlali deyib ki, polis və ədliyyə orqanlarına sübutların toplanması və qanunu pozanların müəyyən edilməsi tapşırılacaq.
İran parlamentinin Mədəniyyət Komissiyası daha əvvəl bildirmişdi ki, mağaza sahibləri və ticarət mərkəzləri kimi müəssisələri işlədənlər də bu qaydaların tətbiqinə görə cavabdeh olacaq.
Rəsmilər bu yaxınlarda qaydaları "pozan"bəzi biznesləri bağlamaq üçün tədbirlər görüb. Bu həftə məcburi hicab qaydalarına riayət etmədiyi üçün Kaşan şəhərində bir mehmanxana və paytaxt Tehranda bir ticarət mərkəzi bağlanıb.
Müsəlman qadınların geydiyi baş örtüyü olan hicab 1979-cu ildə İslam İnqilabından sonra iranlı qadınlar və 9 yaşdan yuxarı qızlar üçün ictimai yerlərdə məcburi olub.
Bir çox iranlı qadın illər boyu etiraz əlaməti olaraq bu qaydanı pozaraq, rəsmilərin məqbul olduğunu dediyi geyim qaydaları üçün qoyuşmuş sədləri aşmağa cəhd edib.
Uzun müddətdir davam edən gərginlik 22 yaşlı Məhsa Əmininin hicabını düzgün geyinmədiyi iddiası ilə həbs olunduqdan sonra sentyabr ayında həbsdə ölməsinin ardınca iranlıların etiraz əlaməti olaraq bütün ölkə boyu küçələrə çıxmasından sonra daha da artıb.
Qadınlar və məktəbli qızlar 1979-cu il inqilabından sonra İslam hökuməti üçün ən böyük təhlükələrdən biri hesab edilən iğtişaşlar zamanı görünməmiş itaətsizlik nümayiş etdirdilər.
İran rəsmiləri buna cavab olaraq müxaliflərə qarşı amansız repressiyaya başlayaraq, minlərlə insanı həbs edib və etirazçılara ölüm hökmü də daxil olmaqla sərt hökmlər verib. İnsan hüquqları qrupları etirazlarda 500-dən çox insanın öldüyünü bildirir.