Benyamin Netanyahunun məhkəməsinə start verilib

İsrailin baş naziri Benyamin Netanyahunun korrupsiya məhkəməsinə mayın 24-də start verilib.

İsrail lideri rüşvət, fırıldaqçılıq və ona göstərilən etimaddan sui-istifadə ittihamları ilə üzləşib. Baş nazir zəngin dostlarından bahalı hədiyyələr alması və mediada pozitiv işılqandırılması müqabilində qaydaların dəyişdirilməsində günahlandırılır.

Məhkəmə zalına girməzdən öncə Netanyahu məhkəmə və medianı tənqid edib, ona qarşı irəli sürülən bütün ittihamların əsassız olduğunu deyib. O, məhkəməni İsrail xalqının iradəsinə qarşı siyasi çevriliş adlandırıb.

20 yerlik kiçik məhkəmə zalına baş nazir iki vəkili ilə daxil olub və fotoqrafçıların zalı tərk etmədiyi təqdirdə müttəhim masası arxasına keçməkdən imtina edib.

Müxbirlər zalı tərk etdikdən sonra hakim ittihamnaməni səsləndirib.

Məhkəmənin bir ilə yaxın davam edəcəyi gözlənilir. Günahkar tatındığı təqdirdə onu illərlə həbs cəzası gözləyir.

Korrupsiya ittihamları ilə məhkəmə qarşısına çıxarılmasından əvvəl Netanyahu və onun müxalif rəqibi Benni Qantz arasında koalisiya razılaşmasına əsasən, Netanyahu 18 ay hakimiyyətdə qaldıqdan sonra baş nazir vəzifəsinə Qanz keçəcək.

Razılaşmanın opponentləri “alternativ baş nazir” vəzifəsinin qeyri-qanuni olduğunu bildirirlər.

Razılaşma üç nəticəsiz seçkidən sonra əldə edilib. Qanz əvvəl məhkəmə qarşısına çıxacaq liderlə hakimiyyətin bölüşdürülməsinə dair hər hansı razılıqdan imtina edəcəyini desə də, bu yaxınlarda mövqeyini dəyişərək, İsrailin dördüncü seçki keçirilmədən koronavirus böhranından çıxmasına kömək etmək istədiyini bildirib.

İsrail qanunlarına görə ittiham edilmiş hökumət nazirləri istefa verməlidir. Lakin qanunun baş nazirlərə şamil edilib-edilmədiyi, ya da onların məhkəmə prosesi davam etdiyi zaman hökumət formalaşdıra bilib-bilməməsi müəyyən edilməyib.