Çərşənbə axşamı İsrailin Baş naziri Benyamin Netanyahunun Konqres qarşısında çıxışı ərəfəsində Qəzza müharibəsinə etiraz edənlər ABŞ Konqresinin ofis binasının qarşısında oturaq aksiya keçirib. Kapitol polisi çox sayda həbs həyata keçirib.
Netanyahu bazar ertəsi Vaşinqtona Prezident Co Baydenlə görüşlər keçirmək və çərşənbə günü, Konqresin birgə iclasından əvvəl nitq söyləmək üçün səfər edib. Bazar ertəsi axşam onlarla etirazçı onun qaldığı mehmanxananın qarşısına toplaşıb, çərşənbə axşamı günortadan sonra isə yüzlərlə insan ABŞ Nümayəndələr Palatasının üzvlərinin ofislərinin yerləşdiyi Kannon Binasında etiraz aksiyası keçirib.
"Sülh üçün Yəhudi Səsi" qrupu tərəfindən təşkil edilən aksiyada "Bizim adımızdan deyil" yazılmış qırmızı köynəklər geyinən etirazçılar binanın rotondasında yerə oturaraq, əllərində plakatlar tutub və "Qəzza yaşasın!" şüarları səsləndirib.
Təxminən yarım saat çəkən əl çalmalardan və şüarlardan sonra ABŞ Kapitoli polisinin əməkdaşları bir neçə dəfə xəbərdarlıq edib və sonra etirazçıları həbs etməyə başlayıb. Polis onların əllərini bağlaraq, bir-bir binadan çıxarıb.
"Mən Holokostdan sağ çıxanların qızıyam və Holokost haqda təsəvvürüm var" - deyə, iki qızı ilə birlikdə etiraz aksiyasına getmiş, Nyu-York ştatının Sogertis şəhərindən olan Ceyn Hirşman bildirib.
O, "Bir daha heç vaxt" dedikdə, biz bunu heç vaxt və heç kim üçün nəzərdə tuturuq” - deyə, əlavə edib.
Nümayişçilər qəzəblərinin böyük hissəsini Bayden administrasiyasına yönəldib və prezidentdən İsrailə bütün silah tədarükünü dərhal dayandırmağı tələb edib.
Hirşman "Biz Netanyahuya diqqət yetirmirik. O, sadəcə bir simptomdur. "Lakin (Bayden) onlara bomba və təyyarələr göndərərkən necə atəşkəsə çağıra bilər?" deyib.
Netanyahunun ABŞ-a səfəri etiraz aksiyaları dalğalarına səbəb olub. Bəzi nümayişlər İsraili qınayır, digərləri isə dəstək ifadə etsələr də, Netanyahuya atəşkəs razılaşması əldə etməsi və hələ də HƏMAS tərəfindən saxlanılan girovları evlərinə qaytarması üçün təzyiq göstərir.
Saxlanan girovlardan bəzilərinin ailələri çərşənbə axşamı Vaşinqtonun mərkəzindəki parkda etiraz aksiyası keçirərək, Netanyahunun HƏMAS-la razılıq əldə etməsini və Qəzzada qalan təxminən 120 israilli girovu evlərinə gətirməsini tələb edib.
Sarı köynək geyinmiş təxminən 150 nəfər "İndi razılığa gəl!", "Onları evə gətirin!" şüarını səsləndirib, qohumlarının və keçmiş girovların ifadələrini dinləyib.
Çərşənbə günü Netanyahunun Konqresdə çıxış edəcəyi zaman bir neçə etiraz aksiyası planlaşdırılır. Bu səbəbdən polis Kapitol binası ətrafında təhlükəsizliyi gücləndirib və ətrafdakı bir neçə yolu bağlayıb.