Nəsib Nəsibli: Türk dilinin "Azərbaycan dilinə" çevrilməsi Arazın hər iki tayında milli kimlik böhranı yaradıb [Audio]

Nəsib Nəsibli

Azərbaycan Respublikasının İrandakı sabiq səfiri və tarixçi Nəsib Nəsibli Azərbaycan türkcəsinə verilən fərqli adların kolonial dövlətlər tərəfindən strateji məqsəd daşıdığını deyir. Onun sözlərinə görə, Sovet diktatoru İosif Stalinin türk dilini “Azərbaycan dili” ilə əvəzləməsi milli kimlik böhranının təməlini qoyub və bu böhranın təsirləri müasir dövrdə də yaşanmaqdadır. Cənab Nəsibli Amerikanın Səsinə müsahibədə dil ətrafında davam edən debatın həm Azərbaycan Respublikasında həm də İran Azərbaycanındakı fəsadaları haqda danışıb.

Your browser doesn’t support HTML5

Nəsib Nəsibli: Türk dili yoxsa Azərbaycan dili?


Nəsib Nəsibli Azərbaycana xalqının üzləşdiyi situasiyanı moldovalıların durumu ilə müqayisə edir. “Sovetlər Birliyi millət quruculuğu dönəmində o coğrafiyada yaşayan xalqlar üzərində kimlik böhranı yaratdı. Rumın dili moldov dili olaraq dəyişdirildi və kimlik sahəsində Moldova xalqına qarşı bir faciə çizildi,” deyə tarixçi söyləyir. “Moldovanın tarixi təhrif edilərək moldov milləti yaradıldı. Bu onları rumın xalqından ayırmaq üçün həyata keçirildi.”

Tarixçi alim Azərbaycan və Moldova örnəklərinin müqayisə oluna biləcəyi, həmçinin hər iki ölkədə dil və xalqın adının dəyişdirilməsində eyni tipli prosesin həyata keçirildiyini vurğulayır. “Moldovada rumın sözü yasaqlandığı kimi Azərbaycanda da Türklük və Türk sözü qadağan edildi,” deyə o əlavə edir.

Associated Press xəbər agentliyinə əsasən, Moldova Konstitusiya Məhkəməsi ötən dekabr ayında ölkənin rəsmi dilinin adını təkrar rumın dili olaraq müəyyənləşdirib. Cənab Nəsibli Azərbaycan Respublikasında rəsmi dilin yenidən türk dili adlanmasının zəruri olduğunu deyir.

“Başqasının verdiyi adı məmnuniyyətlə qəbul edən ikinci xalq tapmaq mümkün deyil,” deyə türk dili əvəzinə Azərbaycan dili, Azərbaycanca ya Azəri sözünün istifadə edilməsini tənqid edən professorun fikrincə, ana dilinin adının dəyişdirilməsi həm nəzəri baxımdan həm də praktik olaraq milli kimliyə zərbə vurur.

Xalq özünü yenə də türk adlandırmaqda davam edir və “türk” sözündən imtina etməyib. Güney Azərbaycanda keçirilən kütləvi etirazlarda ən çox səslənən “Haray haray mən türkəm!” şuarı da həmin siyasətlərə bir təpkidir.
Nəsib Nəsibli
O, bu kimlik böhranını Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanındakı manqurt obrazı ilə əlaqələndirir və güneyli fəalların bu xüsusda göstərdiyi həssaslığın doğru və zəruri olduğunu vurğulayır. Onun fikrincə, güneyli fəallar bu sahədə əslində quzeylilərin üzərinə düşəni işi görürlər.

Azərbaycanın İrandakı sabiq səfiri pan-İranist qruplar və İran hakimiyyətlərinin türk kimliyinə qarşı apardıqları siyasətlərə işarə edir:

“Onlar həmin istiqamətdə türk sözünü məlum söyüşlə birlikdə işlətdilər. Ancaq xalq özünü yenə də türk adlandırmağa davam edir və “türk” sözündən imtina etməyib. Güney Azərbaycanda keçirilən kütləvi etirazlarda ən çox səslənən “Haray haray mən türkəm!” şuarı da həmin siyasətlərə bir təpkidir.”

Nəsib Nəsibli hesab edir ki, dilin adı ilə bağlı problemin həlli Azərbaycan Respublikasının əlindədir və Azərbaycan hökuməti sadəcə nota yollayaraq başqa ölkələr, o cümlədən Türkiyədən də doğru adın işlədilməsini tələb edə bilər.
Tarixçinin fikrincə, kimlik anlayışı baxımından Azərbaycan Respublikası İran Azərbaycanı üzərində mənfi təsir buraxıb:

Quzey Azərbaycanın Güney Azərbaycanda gedən proseslərdə sadəcə müsbət rolu olmamış, mənfi rolu da olmuşdur. Ən böyük mənfi tərəfi isə elə bu kimlik məsələsi ilə bağlı olub.
Nəsib Nəsibli
“Quzey Azərbaycanın Güney Azərbaycanda gedən proseslərdə sadəcə müsbət rolu olmamış, mənfi rolu da olmuşdur. Ən böyük mənfi tərəfi isə elə bu kimlik məsələsi ilə bağlı olub. Həmin mənfi təsir Azərbaycan Milli Höküməti dönəmində özünü göstərib.”

Sonrada iran Azərbaycanında meydana çıxan siyasi cərəyanların milli kimlik problemi ilə üzləşdiyini qeyd edən cənab Nəsibli həmin dövrün siyasi irsinə diqqət çəkir. “Hələ də bu mənfi təsir davam edir və Quzey Azərbaycan təsirində olan və Sovet İttifaqını model olaraq görən bəzi güneyli sol qüvvələr Azəri sözü və Azərbaycan dilini mənimsəyirlər,” deyə, o bildirir.