Nəsib Nəsiblinin fikrincə, milli hərəkat toplum içərisində mövcud olan düşüncələr və siyasi baxışları birləşdirib, bir araya gətirə bilməlidir. Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında cərəyan edən milli hərəkata mənsub təşkilatların nüfuzunu dəyərləndirən araşdırmaçı və tarixçi alim, mövcud güney təşkilatlarının bu dövrün ehtiyaclarını qarşılayacaq səviyyədə olmadığını ifadə edir.
Your browser doesn’t support HTML5
Azərbaycan Respublikasının İrandakı sabiq səfiri deyir: “Güney Azərbaycanın da yerləşdiyi bu bölgə bir qaynar qazana bənzəyir və yaxın gələcəkdə Yaxın Şərq dediyimiz bu bölgənin sərhədlərinin yenidən cızılması gündəmdədir. Bunu mütəxəssislər də deyir, siyasətçilər də. İndi biz bir millət olaraq bu böhranlı vəziyyətlərə hazırıqmı, yoxsa yenə də keçmişdə olduğu kimi az bir zamanda tələm-tələsik təşkilatlanma zərurəti qarşısındamı qalacağıq?”
Bunların hamısı bəhanədir. Milli iradə, əgər varsa, bu problemlərin hamısını həll etməyə qadirdir...Nəsib Nəsibli
İran Azərbaycanında “milli təşkilatlanma səviyyəsinin arzuolunan dərəcədə olmadığını” önə çəkən araşdırmaçı bu problemin, heç bir bəhanə gətirmədən, həll edilməsinin gərəkli olduğunu qeyd edir:
“Bu, heç bir bəhanə götürməyən bir məsələdir. Deyə bilərsiniz ki, İranda elə bir şərait yoxdur. Deyə bilərsiniz, xaricdən bizə dəstək yoxdur, odur, budur... Bunların hamısı bəhanədir. Milli iradə, əgər varsa, bu problemlərin hamısını həll etməyə qadirdir...”
Nəsib Nəsibli əlavə edir, “əlbəttə, 10 minlərlə fədakar milli fəalımız var. Zindanda olan insanlarımız var. Xaricdə fəaliyyət göstərən qruplar var. Özünü partiya elan etmiş təşkilatlar var. Onların haqqını yeməyək. Amma yaşadığımız bu dövrün ehtiyaclarına cavab verən, çəkili və milləti arxasınca apara biləcək bir partiyaya ehtiyac vardır.”
O, toplumdakı fərqi düşüncələr və siyasi baxışlara işarə edərək, hər bir milli hərəkatın bunların hamısını əks edəcək qədər birləşdirici olmasının vacibliyinə diqqət çəkir.
Biz bir millət olaraq bu böhranlı vəziyyətlərə hazırıq mı, yoxsa yenə də keçmişdə olduğu kimi, az bir zamanda tələm-tələsik təşkilatlanma zərurəti qarşısında mı qalacayıq?Nəsib Nəsibli
“Milli hərəkatla bağlı söhbət ediriksə, ümumiyyətlə milli hərəkatın və milliyyətçiliyin bütövləşdirici bir hərəkat olduğunu deməliyik. Orada sağ da, sol da, radikal da, liberal da, laik də, hətta dinçi belə təmsil oluna bilər və olmalıdır. Çünki, millət tək bir qrupun düşündüyü kimi düşünə bilməz. Onun daxilində müxtəlif cərəyanlar var və bu müxtəlif cərəyan öz əksini tapmalıdır. Bu, bir qrupun inhisarında ola bilməz,” deyə Nəsibli əlavə edir.
Tarixçi alim İran Azərbaycanının müasir tarixində mövcud olmuş bəzi təşkilatlara işarə edərək, onların fəaliyyətləri və xüsusilə mənfi cəhətlərinin analiz edilməsinin önəmli olduğunu vurğulayır.
“Keçmişdə olan təşkilatlarla indiki təşkilatlar arasında əlaqələr var. Əlbəttə ki, bugünkü nəsil, əski nəslin həm müsbət, həm də mənfi tərəflərindən doğub gələn bir nəsildir... Bu gün keçmişdəki təşkilatların fəaliyyətləri ciddi şəkildə analiz edilməli və dərslər alınmalıdır. Misal üçün İran Demokrat Partiyasının yerli təşkilatı yaranmışdı; Azərbaycan Demokrat Firqəsi, Xiyabaninin liderliyi ilə. Bu nə dərəcədə milli partiya idi? Biz bunun ən çox da mənfi tərəflərini analiz etməliyik. Çünki uğursuz oldu. Uğursuzsa, deməli burada nəsə səhvlər olmuşdu..,” deyə tarixçi alim əlavə edir.