Bakının Nəsimi rayonunda Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı burada avtomobil yolunun bir neçə il əvvəl sökülmüş binanın zirzəmisi üzərində tiikildiyi müəyyən edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, ilkin araşdırma zamanı məlum olub ki, bu, əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməyib və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir. Zirzəminin dərinlıiyi 5-6 metrdir.
“Şərti adı "B-04" olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb.
Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası ötən gün gecə saatlarında sındığından müvəqqəti yolda çökmə baş verib”, “Azəravtoyol” Dövlət Agentliyi bildirir.
Hazırda ərazidə geoloji-kəşfiyyat işləri aparılır.