Rusiya müxalifəti: Ukrayna münaqişəsində 220 rus əsgəri həyatını itirib

Rusiyada qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsov tərəfindən tərtib edilmiş hesabata əsasən, Ukraynanın cənub-şərqində keçən il gedən döyüşlər zamanı azı 220 rus əsgər hyatını itirib. Rusiya münaqişədə hərbçilərinin iştirakını rədd edir.

Hesabata əsasən, təxminən 150 əsgər dəmiryolu xətlərinin keçdiyi strateji İlovaysk regionunda, digər 70 əsgər isə Debaltsevo şəhəri yaxınlığında döyüşlər zamanı həlak olub.

Hesabatda deyilir ki, Rusiya hərbi qüvvələri əsgərlərin Ukraynada könüllü kimi yerləşdirilməsindən öncə onları ordudan tərxis olmağa məcbur edib. Sənəddə göstərilir ki, Rusiya Müdafiə nazirliyi ölən və yaralanan əsgərlərin ailələrinə təzminat ödəməyə söz versə də, bu öhdəliyə əməl etməyib.

Bu gün açıqlanmış 64 səhifəlik hesabat şahidlərin ifadələri, mediada verilmiş məlumatlar, həmçinin Ukraynada öldürüldüyü deyilən rus əsgərlərin ailələrinin açıqlamalarına əsasən hazırlanıb. Hesabatın açıqlanması ABŞ Dövlət katibi Con Kerrinin Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşdüyü vaxta təsadüf edir.

Rusiya rəsmiləri Ukraynada separatçıları dəstəklədiyinə dair ittihamları qəti şəkildə rədd edir. Kreml hesabatla bağlı açıqlama verməkdən imtina edib.

Hesabat bu il fevral ayının 27-də Kreml yaxınlığında qətlə yetirilmiş Boris Nemtsovun həmsədrlik etdiyi PRP-PARNAS müxalifət qrupu tərəfindən açıqlanıb. Nemtsovun qətli ilə əlaqədar beş nəfrə şübhəli saxlanıb, lakin təhqiqatçılar qətlin motivlərinin aydın olmadığını deyir.