Nümayəndələr Palatasının Respublikaçıları ilə Ağ Ev arasında borc həddini artırmaq üçün danışıqlar davam edir

ABŞ-ın Demokratlar Partiyasından prezidenti Co Baydenin administrasiyası ilə Respublikaçıların nəzarət etdiyi Nümayəndələr Palatasında qanunvericilər arasında hökumətin borc həddi ilə bağlı danışıqlar çərşənbə günü davam edəcək.

Tərəflər arasında danışıqlar çərşənbə axşamı ABŞ Maliyyə Nazirliyinə hazırkı 31 trilyon dollarıq borc həddini artırmağa və hökumətin borcunu ödəmək üçün borc almağa imkan verəcək razılıq üzərində heç bir nəzərəçarpan irəliləyiş olmadan başa vurulub. Maliyyə naziri Canet Yellen xəbərdarlıq edib ki, xəzinənin iyunun 1-dək pulu tükənəcək ki, bu da hökuməti borclarını defolt etməyə məcbur edə və ABŞ-ı fəlakətli tənəzzülə sürükləyə və qlobal bazarlarda çaxnaşma yarada bilər.

Nümayəndələr Palatasındakı Respublikaçılar tələb edir ki, Bayden administrasiyası federal xərcləri 2022-ci ildəki səviyyəyə endirməyə razılaşsın. Respublikaçılar, həmçinin yemək və nağd pul yardımı və Medicaid sağlamlıq sığortası proqramı kimi azgəlirlilərə yardım proqramlarında iştirak edən amerikalılar üçün sərt iş tələbləri tətbiq etmək istəyir.

Ağ Ev federal xərcləri builki səviyyədə tutmağı təklif edib və zəngin amerikalılar və bəzi korporasiyalar üçün vergi güzəştlərinə son qoymaq istəyir. Administrasiya, həmçinin hər hansı xərclərin azaldılmasına müdafiə xərclərinə kəsirlərin daxil edilməsini təklif edib.

Həm Prezident Bayden, həm də Nümayəndələr Palatasının spikeri Kevin Makkarti rəqib təklifləri rədd edib, ancaq xəbər orqanları deyir ki, mümkün razılığa COVID-19 pandemiyası üçün nəzərdə tutulan və xərclənməyən 30 milyard dolların geri alınması və yeni enerji layihələrini təsdiqləmək prosesini asanlaşdırmaq üçün islahatlar daxil ola bilər.

Ağ Evin sözçüsü Karin Jan-Pyer çərşənbə axşamı müxbirlərə deyib ki, danışıqlar “irəliləyir,” ancaq o təkid edib ki, həm Demokratlar, həm də Respublikaçılar “istədikləri hər şeyi əldə etməyəcəklərini anlamalıdırlar.” O deyib ki, məqsəd “məqbul, ikitərəfli, Nümayəndələr Palatası və Senatda Demokratlar və Respublikaçıların üzərində razılaşa və səs verə biləcəyi bir büdcə əldə etməkdir”.

Ancaq Nümayəndələr Palatasından Respublikaçı Qarret Qreyvs çərşənbə axşamı deyib ki, iki partiya arasında hələ də “əhəmiyyətli fikir ayrılıqları” var.

Bir qrup sərtxətt tərəfdarı mühafizəkar Respublikaçı spiker Makkartini Bayenlə razılıq əldə etməməyə və bunun əvəzinə prezidenti onların tələblərinə razı olmağa məcbur etməyə çağırırlar.

Nümayəndələr Palatasının Demokratları da Respublikaçılara güzəşətə getməməsi və hökumətin ABŞ Konstitusiyasına 14-cü düzəlişə əsasən borc almağı davam edəcəyini elan etməsi üçün təzyiq göstərir.