QHT Koalisiyası: Xəzərdə həlak olan neftçilərin məsuliyyəti ARDNŞ rəhbərliyinin üzərinə düşür

Mədən sənayesində şəffaflıq koalisiyasının iclası

“15 dekabrda Xəzərdə baş verən, 10 neftçimizin faciəli şəkildə dünyasının dəyişməsinin məsuliyyəti Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyinin üzərinə düşür. Bu hadisə bir daha onu göstərdi ki, adı çəkilən qurumun rəhbərliyi bir il öncə baş vermiş məlum faciədən nəticə çıxarmamış, səriştəsiz davranışlarını, pis idarəçiliyini davam etdirmişdir. Bu barədə "Mədən Sənayesində Şəffaflığın Artırılması" QHT Koalisiyasının (MSŞA) bəyanatında deyilir.

Dekabrın 15-də güclü külək ARDNŞ-nin Xəzər dənizindəki estakadasının bir hissəsini uçurub və neftçilərin olduğu budka dənizə düşüb. Budkada olan 10 neftçi itkin düşüb. Onlardan indiyədək yalnız bir nəfərinin cəsədi tapılıb.

MSŞA QHT Koalisiyası baş vermiş faciənin qurbanlarının ailələrinə dövlət hesabına təminatlı kompensasiya verilməsini, günahkarların məsuliyyətə cəlb edilməsini, Xəzər dənizində ARDNŞ-yə məxsus platformların yenidən qurulmasını, neftçilərin əmək və təhlükəsizlik şəraitinin yaxşılaşdırılması üçün təxirəsalınmaz tədbirlər görülməsini tələb edir.

Sıralarında 150- dən artıq QHT-ni birləşdirən MSŞA QHT Koalisiyası bildirir ki, son bir ildə Xəzər dənizində ARDNŞ- ə məxsus estakadada ikinci dəfədir ki, analoji faciə baş verir.

“Keçən ilin 5 dekabrında Xəzər dənizində yerləşən Günəşli yatağının 10-cu platformasında 30 nəfər neftçinin həyatına son qoyan, 30-dan çox vətəndaşımızın xəsarət alması ilə nəticələnən dəhşətli yanğın baş vermişdi. Hər iki faciənin baş verməsi məmur özbaşınalığının, cinayətə bərabər səhlənkarlığın, səriştəsizliyin və korrupsiyanın nəticəsi olaraq meydana gəlib. İnsan tələfatı ilə nəticələnən bu hadisələrdən aydın olur ki, ARDNŞ- in tabeliyində olan platformalarda təhlükəsizlik qaydalarına əməl olunmur, neftçilər lazımi keyfiyyətdə qoruyucu geyim, xilasedici jiletlər və qayıqlarla təmin edilməyib. Platformaların istismar müddəti çoxdan bitib, istifadə üçün yararlı və təhlükəsiz deyil”, sənəddə qeyd edilir.

QHT Koalisiyası bildirir ki, hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə (ehtiyatsızlıq səbəbindən əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində insan ölümü) cinayət işinin qaldırılsa da, bu ARDNŞ-nin gələcək fəliyyətində daha məsuliyyətli olacağına da zəmanət vermir.

“Çünki ARNDŞ rəhbərliyi indiyə qədər ölkə daxilində və xaricində çoxlu sayda korrupsiyaya yol açan səmərəsiz layihələr həyata keçirmiş və bu məqsədlə 100 milyon manatlarla vəsait xərcləsə də, əsası 1960 və 1970-ci illərdə qurulan, istismar müddəti çoxdan bitən, mənəvi və fiziki cəhətdən köhnəlmiş platformaları, estakadları təmir etməyib. Acınacaqlı haldır ki, ARDNŞ Bakının mərkəzində dəyəri 335 milyon manat olan ofis binası tikir, futbol üzrə Avropa çempionatına sponsorluq edir, xarici futbil klublarını maliyyələşdirir, erməni kilsələrinə qaz verir, lakin əsas fəaliyyətinə cəlb edilmiş işçilərinin rahat və təhlükəsiz çalışması üçün lazımi şərait yaratmır, onların əməyin düzgün təşkili və təhlükəsizliyini təmin etmir”, bəyanatda deyilir.