Bakıda Xəzər Neft və Qaz sərgisi açılıb [Video]

Your browser doesn’t support HTML5

Sərgiyə ABŞ prezidenti və Böyük Britaniya baş naziri təbrik göndərib

İyunun 1-də Bakıda XXIII Beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil&Gas-2016") sərgisi və VI Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji ("Caspian Power-2016") sərgisi açılıb.

Bu il sərgidə 30 ölkənin 240 şirkəti iştirak edir.

Neft-qaz sərgisi

"Caspian Power-2016" sərgisi “Xəzər neft və qaz, neft emalı və neft-kimya” (“Caspian Oil&Gas”) beynəlxalq sərgi-konfransı ilə eyni platformada keçirilir. Bu sərgidə isə 6 ölkədən 30 şirkət iştirak edir.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir. O bildirib ki, Azərbaycan hazırda Cənub Qaz dəhlizinin icrası ilə ciddi məşğuldur.

"Bununla bərabər, bəlkə də daha ciddi iqtisadiyyatın şaxələndirilməsi ilə məşğuluq ki, neft amilindən asılılığı tam aradan götürək və Azərbaycan iqtisadiyyatı uzunmüddətli, dayanıqlı iqtisadiyyat ola bilsin. Bu istiqamətdə görüləsi işlər çoxdur. 2016-cı il bizim üçün və bütün neftlə zəngin olan ölkələr üçün sınaq ilidir. Neftin qiyməti bu il bir neçə dəfə aşağı düşüb və təbii ki, bu bütün ölkələr üçün sınaqdır. Ancaq hesab edirəm ki, Azərbaycan bu sınaqdan şərəflə çıxır. 2016-cı il sabitləşmə ili olmalıdır", o qeyd edib.

İlham Əliyev Türkiyə Petrollarında

Dövlət başçısı hesab edir ki, 2017-ci ildən ölkədə iqtisadi artım bərpa ediləcək.

İlham Əliyev deyib ki, neftin qiymətinin aşağı düşməsi bir stress vəziyyəti yaradıb.

"Mən hesab edirəm ki, bu bizim xeyirimizə oldu. Bir çox qurumlar, o cümlədən dövlət qurumları öyrəşmişdilər ki, müxtəlif layihələrin icrası üçün onlara böyük həcmdə vəsait ayrılır. İndi biz bu məsələlərə qənaətlə yanaşırıq, ancaq prioritet məsələlərə vəsait ayrılır. Əsas vəsait isə özəl sektordan gəlməlidir. Daxili və xarici investorlar vəsait qoyurlar və bizə inanırlar. Hesab edirəm ki, bu illər ərzində biz etibarlı tərəfdaş kimi gözəl reputasiya qazanmışıq. Neft sahəsində bilirsiniz ki, bütün kontraktlar pay bölgüsü əsasında imzalanıb və bir nöqtəni, vergülü dəyişə bilmərik və dəyişmək fikrimiz də yoxdur. Bu, inamı artırır. Bütün başqa sahələrdə neft sahəsində olan şəffaflıq və proqnozlaşdırma meyilləri daha da güclənməlidir".

İlham Əliyev, Rövnəq Abdullayev və Xoşbəxt Yusifazadə

Prezidentin fikrincə, dünyada enerji təhlükəsizliyi məsələsi ön plana çıxır.

“Hər kəs artıq başa düşür ki, enerji təhlükəsizliyi olmadan ölkələrin milli təhlükəsizliyi haqqında danışmaq mümkün deyil. O ölkələr ki, enerji resusrsları ilə zəngin deyillər, əlbəttə ki, onlar digər resurslardan asılıdır”.

İlham Əliyev bildirib ki, Azərbaycan heç vaxt öz enerji potensialından başqa məqsədlər üçün istifadə etməyib.

“Bizim istəyimiz və arzumuz ondan ibarət olub ki, əməkdaşlığı dərinləşdirək, bizim qonşuluğumuzda vəziyyət sabit olsun. Bu sabit vəziyyət imkan versin ki, biz transmilli layihələri icra edək ki, Azərbaycan xalqının rifah halını yaxşılaşdıraq. Ölkəmizin qüdrətini artıraq".

Cənub Qaz Dəhlizi

Dövlət başçısı deyib ki, Cənub Qaz Dəhlizinin məşvərət şurasında müzakirə olunan məsələlərlə bağlı fikir ayrılığı yoxdur.

"Ona görə ki, orada bütün maraqlar təmin edilir. İstehsalçı ölkənin, Azərbaycanın maraqları, tranzit ölkənin maraqları və istehlakçı ölkələrin maraqları. Biz ancaq bu maraqların uzlaşması şərairtində istəyimizə nail ola bilərik".

O hesab edir ki, enerji faktoru başqa məqsədlər üçün istifadə olunmamalıdır.

“Hesab edirəm ki, Azərbaycanın mövqeyi burda artıq dünya miqyasında rəğbət qazanıb. Digər tərəfdən, bu mövqe öz haqqını artıq nümayiş etdirir. Və bu göstərir ki, ancaq bu yanaşma uğur gətirə bilər”.

Əliyev dünyada baş verən hadisələrin narahatlıq yaratdığını deyib.

“Dünyanın müxtəlif yerlərində yeni münaqişə ocaqları yaranır, müharibələr, qarşıdırmalar, ziddiyyətlər, toqquşmalar əlbəttə ki, bu arzuolunan mənzərə deyil. Biz isə çalışırıq ki, bizim bölgəmizdə sabitlik olsun. Ancaq sabitlik şəraitində ölkədə inkişaf gedə bilər. Ancaq sabitlik şəraitində ölkələrə investisiya qoyula bilər".

Dövlət başçısı Cənub qaz dəhlizindən danışarkən deyib ki, bu layihə imkan verəcək ki, həm Şah Dəniz qazı, həm digər yataqlardan çıxarılacaq Azərbaycan qazı dünya bazarlarına çıxarılsın və beləliklə biz həm neft, həm qaz proqramlarımızı tam şəkildə icra edək.

"Bakı-Tbilisi-Ceyhan Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi və enerji dəhlizini formalaşdırdı. Həmən dəhliz üzərindən indi Azərbaycan qazı dünya bazarlarına çıxarılacaq. Demək olar ki, o dəhlizlərin coğrafiyası böyük dərəcədə eynidir və bu dəhliz hal-hazırda nəqliyyat dəhlizinə çevrilir. Çünki biz nefdən əldə edilən gəlirləri nəqliyyat infrastrukturuna yönəldərək çox ciddi nəqliyyat bağlantıları əldə etmişik və Şərq-Qərb nəqliyyat dəhlizi bu gün reallaşır və əminəm ki, bu ilin sonuna qədər tam istifadəyə veriləcək və beləliklə neft, qaz, nəqliyat dəhlizləri Azərbaycan üzərindən keçəcək".

Dövlət başçısı bildirib ki, Azərbaycan artıq elektrik enerjisi də ixrac edir.

Prezident enerji dəhlizindən danışarkən bildirib ki, əgər 90-ci illərin ortalarında üçtərəfli format yaranırdısa - Azərbaycan, Gürcüstan, Türkiyə, bu gün bu format genişlənir və Cənub qaz dəhlizinin üzv ölkələri müxtəlif qurumları təmsil edirlər.

“Yenə də Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa İttifaqına üzv olan ölkələr - Bolqarıstan, Yunanıstan, İtaliya, Albaniya, 7 ölkə artıq Cənub qaz dəhlizinin üzvləridir. Balkan ölkələri də bu layihəyə maraq göstərirlər. Bəzi Balkan ölkələri ilə artıq memorandumlar da imzalanıb ki, gələcəkdə biz Cənub qaz dəhlizinin qollarını açaq".

Dövlət başçısı vurğulayıb ki, indi əsas xətt Bakıdan İtaliya sahillərinə qədər uzanan bir xətdir: "Ancaq bu xətdən kənara çıxan qollar da olmalıdır, bu məsələlər üzərində də biz işləyirik. Bizim kifayət qədər qaz resurslarımız var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2.6 trilyon kubmetrə bərabərdir. Hazırda Abşeron, Ümid yataqlarının işlənməsi ilə bağlı hazırlıq işləri aparılır. Əminəm ki, bu layihələr də uğurla nəticələnəcək və beləliklə, Azərbaycanın qaz hasilatı daha da artacaq. Azəri-Çıraq-Günəşli yatağının dərin laylarında böyük qaz yataqları var. Biz onların da hasilatı ilə bağlı ciddi addımlar atırıq. Yəni onu demək istəyirəm ki, biz öz fəaliyyətimizi Cənub qaz dəhlizinin mövcud olan formatı ilə məhdudlaşdırmaq istəmirik. Biz istəyirik ki, daha da geniş çoğrafiyaya çıxaq. Buna nail olmaq üçün qaz resursları var və artıq beynəlxalq əməkdaşlıq formatı da yaranıb".

Dövlət başçısı deyib ki, 2015-ci ildə TANAP layihəsinin təməli qoyuldu, bu gün məmnunluq hissi ilə qeyd etməliyəm ki, keçən ay iki həftə bundan əvvəl TAP layihəsinin təməli qoyulub.

“Cənub qaz dəhlizinin icrası qrafik üzrə gedir, hal-hazırda bizim qarşımızda enerji sahəsində duran əsas vəzifə Cənub qaz dəhlizinin icrasıdır. Əminəm ki, qrafik üzrə bu proses gedəcək. Cənub qaz dəhlizinin bütün dörd seqmentində də, Şah Dəniz, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP layihələrində işlər gedir və əminəm ki, vaxtlı-vaxtında icra ediləcək. Cənub qaz dəhlizi iqtisadi layihədir, eyni zamanda təhlükəsizlik layihəsidir".

Sonra ABŞ dövlət katibinin köməkçisinin müavini Robin Dunnigan çıxış edərək Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın məktubunu oxuyub.

Obama bildirir ki,son 20 il Azərbaycan üçün həm siyasi, həm də iqtisadi sahələrdə transformasiya dövrü idi və bütün bu müddət ərzində ABŞ enerji sahəsində Azərbaycan hökuməti ilə çox sıx işləyirdi.

Məktubda qeyd edilir: "Azərbaycan enerji resurslarının tədarükü proseslərində həlledici rol oynamaqda davam edir və bizim regional şaxələndirilmənin, bazar rəqabətinin və enerji təhlükəsizliyinin artırılması üzrə ümumi məqsədlərə nail olmağımızda etibarlı tərəfdaşıdır".

Məktubda bildirilir ki, indiki şəraitdə enerji daşıyıcılarının tədarüklərinin şaxələndirilməsi heç vaxt olmadığı qədər vacibdir: "Azərbaycan və onun tərəfdaşları ötən il ərzində "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsində əhəmiyyətli irəliləyişə nail olublar. Azərbaycan və onun beynəlxalq tərəfdaşları arasında gələcək əməkdaşlıq bu əhəmiyyətli layihənin rəqabət qabiliyyətini təmin edəcək".

Məktubda həmçinin qeyd olunur ki, ABŞ layihənin həyata keçirilməsində kömək göstərməyə hazırdır.

Böyük Britaniyanın Baş nazirinin ticarət üzrə elçisi Baronessa Emma Nikolson isə bu ölkənin baş naziri Devid Kemeronun məktubunu oxuyub.