Dekabr ayı ilə müqayisədə 13 faiz artan xam neftin qiyməti 2015-ci ildən bəri ən yüksək həddə çatıb. Lakin enerji statistikasını toplayan ABŞ agentliyi deyir ki, qlobal təklif tələbdən çox olduğundan qiymətlər daha mülayim olacaq.
Fox Business Network təhlilçisi və Enerji Hesabatı müəllifi Fil Flin isə fərqli düşünür:
“Düşünürəm ki, biz yeni artan bazardayıq. Neftin orta hesabla 65 dollara satılacağını planlaşdıra bilərik. Amma məncə, barelə görə 70 dollara qədər satmaq mümkün olacaq. Hətta ehtimal var ki, OPEC istehsalı artırmasa biz neft qiymətinin 80 dollara qalxdığını müşahidə edək. Ona görə də, biz artan bazardayıq və buna diqqət yetirmək lazımdır.”
Enerji İnformasiya Administrasiyası deyir ki, sonuncu soyuqlar dalğası qiymətlərin artımına təsir edib. Lakin Flinin fikrincə, OPEC üzvlərinin istehsal ixtisarlarının uzadılması qərarı, ABŞ ehtiyatlarının azalması və İran kimi istehsalçı ölkə ilə gərginliyin artması qiymətlərə təsir edib.
Fil Flin, Fox Business Network: “Artıqlığın vaxtı keçib. Ortalamadan yuxarıda olan təklif ortalama həddə düşüb və çox güman ki, daha da aşağı düşəcək. Ona görə də, dünyada hər hansı dəyişiklik qiymətlərin artımına təsir edə bilər. ”
Və bu yeganə risk deyil.
Cek Cirard, Amerika Neft İnstitutu: “Oyunun ortasında qaydaların dəyişilməsi ciddi pozuntulara səbəb ola bilər. Ümid edirik ki, bu baş verməyəcək.”
Amerika Neft İnstitutunun Amerika Enerjisinin vəziyyəti ilə bağlı illik tədbirində institutun rəhbəri Cek Cirard xəbərdarlıq etdi ki, 20 ildən çox yaşı olan ABŞ-ın Kanada və Meksika ilə iştirak etdiyi Şimali Amerika Azad Ticarət razılaşmasının ləğv edilməsi neft təklifinə təsir göstərə bilər.
Cek Cirard, Amerika Neft İnstitutu: “Ona görə də, bizim mövqemiz indiki yanaşmaya ziyanın vurulmamasıdır. Əgər nəsə işləyirsə, onu dəyişməyin. Əgər onu yaxşılaşdırmanın yolları varsa, biz təkliflərə açığıq. Gəlin müzakirə edək.”
Flinin sözlərinə görə, potensial dəyişikliklər və artan tələb fonunda neft istehsalçıları sərmayelərə və təhqiqata diqqət yetirməsi daha müdrik olardı... Sürücülər isə artan benzin qiymətlərinə hazır olmalıdırlar.