Neft hasilatı azaldılacaq – ekspertlər qiymətlərin artmayacağını deyir

Neft buruqları

Azərbaycan neft bazarının 2022-ci ilədək tənzimlənməsi prosesinə qoşulub.

Bu barədə Azərbaycan Energetika Nazirliyi məlumat yayıb.

Aprelin 9-da Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında 11 saata yaxın davam edən müzakirələrin yekununda yeni ”Əməkdaşlıq Bəyannaməsi” Meksikanın təklif olunan həcmlərlə razılaşacağı şərti ilə qəbul edilib.

Energetika naziri Pərviz Şahbazov

Azərbaycan neft hasilatını azaldacaq

Yeni ”Əməkdaşlıq Bəyannaməsi” gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələ ilə azaldılmasını nəzərdə tutur. Lakin Meksika ”Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq bu mərhələlər üzrə müvafiq olaraq 400-320-240 min barrel həcmlərində müəyyənləşdirilmiş kvotalarla razılaşmayıb. Meksika istisna olmaqla digər “OPEC plus” ölkələri gündəlik neft hasilatının müxtəlif müddətlər və həcmlərdə azalması ilə bağlı razılıq əldə edib.

Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.

“Əməkdaşlıq Bəyannaməsi” qüvvəyə minəcəyi təqdirdə, “OPEC plus” ölkələri may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 10 mln. barrel həcmində azaldacaqlar. Bu mərhələdə hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6,085 mln.barrel, qeyri-OPEC ölkələri üçün isə 3,915 mln. barrel müəyyən edilib.

OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxildir. Budəfəki öhdəliklərdə kondensat həcmləri nəzərə alınmayıb.

Energetika Nazirliyi bildirir ki, dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan üzərinə yeni öhdəliklər götürüb.

“2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barrel azaltmalı olacaq. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır. 2020-ci ilin iyul-dekabr aylarında isə “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18% olmaqla 8 mln. barrel azaldılması razılaşdırılıb. Bu zaman kvotalar OPEC üzrə gündəlik 4,868 mln, qeyri-OPEC üzrə isə 3,132 mln barrel müəyyənləşdirilib. Azərbaycan bu dövrdə gündəlik istehsalını 131 min barrel azaltmaqla 587 min barrel səviyyəsində saxlamalı olacaq,” məlumatda qeyd edilir.

Əməkdaşlıq Bəyannaməsində 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprelinədək “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 14% olmaqla 6 mln. barrel azaldılması öz əksini tapıb. Bu müddətdə hasilat öhdəlikləri OPEC üçün 3,651 mln barrel, qeyri-OPEC üzrə 2,349 mln barrel nəzərdə tutulub. Azərbaycan isə həmin dövrdə 98 min barrel azalma ilə hasilatı 620 min barrel həcmində saxlamaq öhdəliyini götürməli olacaq.

Səudiyyə Ərəbistanı OPEK+ konfransında

Videokonfransa “OPEC plus” ölkələri ilə yanaşı ilk dəfə olaraq Kanada, Norveç, Argentina, Braziliya, Kolumbiya, İndoneziya, Misir, Çad, Trinidad və Tobaqo kimi ölkələr də qatılıb. İclasda “OPEC plus” formatından kənar neft ölkələrinə də bu prosesə qoşulmaq çağırışı edilib.

Hazırkı situasiya və dünya iqtisadiyyatı, eləcə də neftə qlobal tələbatın özünü bərpa edəcəyi ilə bağlı qeyri-müəyyənlik neft bazarına gələcəkdə də dəstəyi zəruri edir.
Pərviz Şahbazov, energetika naziri

Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib ki, “OPEC plus” formatı çərçivəsində tənzimləmə prosesində fəal rol oynayan Azərbaycan yeni öhdəliklər götürməklə qlobal neft bazarına dəstək vermiş olub.

“Mart ayından indiyə kimi qısa müddətdə bir daha əmin olduq ki, neft bazarında davamlı sabitlik qlobal səviyyədə ortaq məsuliyyət, tənzimləmə prosesi xaricində mümkün deyil. Hazırkı situasiya və dünya iqtisadiyyatı, eləcə də neftə qlobal tələbatın özünü bərpa edəcəyi ilə bağlı qeyri-müəyyənlik neft bazarına gələcəkdə də dəstəyi zəruri edir. Bu prosesə “OPEC plus”dan kənar ölkələrin cəlbi isə olduqca vacibdir,” nazir qeyd edib.

Neft bazarında dalğalanma

“OPEC plus” ölkələrinin “Əməkdaşlıq Bəyannaməsi”nin icrası martın 31-də başa çatıb. Bundan sonra neft ölkələri arasında razılıq əldə edilməməsi və koronavirus infeksiyasının dünyanı bürüməsi neft bazarında qiymətlərin iki dəfədƏn çox aşağı düşməsinə səbəb olub. Neft bazarındakı kəskin dalğalanma səbəbindən Rusiya, Səudiyyə Ərəbistanı və digər neft ölkələri yenidən masa arxasında neft hasilatı ilə bağlı müzakirələr aparmalı olub.

Neft bazarında qiymətlər

2020-ci ilin mart ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 763,9 min barrel olub. Bunun 683,7 min barrelini xam neft, 80,2 min barrelini kondensat təşkil edib. Gündəlik 418,9 min barrel xam neft, 76,2 min barrel kondensat, 15,5 min barrel neft məhsulları ixrac edilib.

2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında qəbul edilmiş Razılaşma çərçivəsində Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamaq öhdəliyin ibir qayda olaraq yerinə yetirib.

Rəşad Həsənov

Rəşad Həsənov: Neft ölkələri üçün qlobal konyukturun ciddi dəyişəcəyi ehtimalı çox aşağıdır

İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, neft bazarları OPEC+ ölkələrinin hasilatı gündəlik 10 milyon barrel azaltma haqqında ilkin razılaşmasına ciddi reaksiya verməyib. İlk anlarda qiymətdə cüzi bahalaşma oldusa da hazırda yenidən uçuzlaşma prosesi gedir.

əməkdaşlıq postpandemiya dövründə də davam etdirilərsə qiymətlər 50 dolların üzərinə qalxa bilər
Rəşad Həsənov, ekspert

“Əslində tələbin 35-40 faiz azalması müzakirə edildiyi bir vaxtda təklifin 10 faiz azaldılmasının nəticələri əvvəlcədən proqnozlaşdırılan idi. Başqa sözlə Azərbaycan da daxil olmaqla neft ölkələri üçün qlobal konyukturun qısamüddətli dövr üçün ciddi dəyişəcəyi ehtimalı çox aşağıdır. Ancaq bu razılaşma qiymət müharibəsinin qarşısını alaraq bazarlarda müəyyən qədər sakitləşməyə səbəb olacaq. Və bu formatda əməkdaşlıq postpandemiya dövründə də davam etdirilərsə qiymətlər 50 dolların üzərinə qalxa bilər,” ekspert qeyd edib.

Qubad İbadoğlu: Yaxın dövrlərə neftin qiymətinin bahalaşacağı gözlənilmir

İqtisad elmləri doktoru Qubad İbadoğlu bildirib ki, OPEC+ gözlənilən toplantısı baş tutsa da neftin qiyməti yenə də ucuzlaşıb.

Sürətlə azalan tələbatın müqabilində 10 milyon barrel eniş qiymətlərə təsir gücünə malik deyildir.
Qubad İbadoğlu, ekspert

“OPEC+ video görüşündən sonra aparıcı neft markalarından olan brentin qiyməti hər barrel üçün 3 faiz, WTI qiyməti hər barrel üçün 5 faiz ucuzlaşdı. Baxmayaraq ki, bu görüşdə gözlənildiyi kimi hasilatın aşağı salınmasına qərar verildi. Qərara görə, gündəlik hasilat may-iyun aylarında 10 milyon barrel, iyuldan 8 milyon barrel, 2021-ci ilin yanvar ayından isə 6 milyon barrel azalacaq. Bu ssenari üzrə əsas yük Səudiyyə Ərəbistanı və Rusiyanın üzərində olacaq. İlkin olaraq Səudiyyə Ərəbistanı gündəlik hasilatını 4 milyon barrel, Rusiya isə 2 milyon barrel aşağı salacaq. Digər ölkələrin kvotası məlum olmasa da, ixtisar İran, Liviya və Venesuelaya şamil olunmayacaq.
Neftin qiymətinin təkrar ucuzlaşması göstərdi ki, hazırda bazarda sürətlə azalan tələb qiymətləri daha çox aşağı dartır. Belə ki, Goldman Sachs hesablamalarına cari vəziyyətdə hasilatın artıqlığı gündə 20 milyon barrel təşkil edir. Odur ki, sürətlə azalan tələbatın müqabilində 10 milyon barrel eniş qiymətlərə təsir gücünə malik deyildir. Bu isə o deməkdir ki, yaxın dövrlərə neftin qiymətinin bahalaşacağı gözlənilmir,” iqtisad elmləri doktoru belə proqnozlaşdırır.