ABŞ Azərbaycanın Ermənistana 10 hərbçini təhvil verməsini alqışlayır.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Twitter səhifəsində yazıb.
"Azərbaycanın dekabrın 19-da Avropa İttifaqının dəstəyi ilə 10 erməni hərbçinin azad etməsini alqışlayırıq. Biz qalan bütün saxlanılanların tam şəkildə və tez azadlığa buraxılmasına, cəsədlərin dəyişdirilməsinə və itkin düşənlərin axtarışının aparılmasına çağırırıq. Biz beynəlxalq öhdəliklərə uyğun olaraq məhbuslarla humanist rəftarın vacibliyini vurğulayırıq," ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.
Dekabrın 19-da Bakı daha 10 erməni hərbçisini Yerevana qaytarıb. Bu barədə Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
Məlumatda bunun Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə həyata keçirildiyi vurğulanır.
"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 14 dekabr 2021-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Respublikası Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan Respublikası 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil vermişdir," məlumatda qeyd edilir.
DTX bildirir ki, Yerevana qaytarılan 10 erməni hərbçi 2021-ci il noyabrın 16-da Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində "törədilən təxribatın qarşısı alınarkən" saxlanan hərbçilərdir.
DTX bundan əvvəl dekabrın 4-də qarşı tərəfə 10 nəfər erməni əsilli hərbi qulluqçunun qaytarıldığını bildirir və əlavə edir ki, sonradan Ermənistanda həmin hərbçilərdən dördü həbs edilərək barələrində cinayət işi açılıb.
10 erməni hərbçisinin geri qaytarılması ilə bağlı Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün Tvitter səhifəsində xəbər və foto paylaşıb.
Azərbaycan bundan öncə dekabrın 4-də 10 nəfər hərbçini erməni tərəfinə verib. Ermənistan tərəfi sonradan həmin hərbçilərin dördünü həbs edib, altısına qarşı ittiham irəli sürüb.
Azərbaycan prezidenti bildirib ki, Qarabağ müharibəsindən sonra Bakıda saxlanılan 100-dən çox erməni hərbçi Yervana təhvil verilib.
Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında birgə görüş keçirilib.
Görüşün nəticələri ilə bağlı Avropa İttifaqı Komissiyasının Prezidenti Şarl Mişelin bəyanatında deyilir ki, Prezident Mişel Aİ-nin hər iki liderini hərtərəfli sülh sazişi ilə əsaslandırılmış regionda davamlı sülhün bərqərar olması məqsədilə münaqişənin aradan qaldırılması, əməkdaşlıq və etimad mühitinin yaradılması istiqamətində Ermənistan və Azərbaycanla yaxından işləmək öhdəliyinə inandırıb. Hər üç liderin ümumi məqsədi regionda yaşayan bütün insanların mənafeyi naminə təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz qurmaqdır.