Azərbaycan Respublikası vergilər naziri Mikayıl Cabbarov “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfransda vergi orqanlarında korrupsiyanın kökünün tam kəsilməsindən ötrü bütün resursların səfərbər ediləcəyini bildirib.
O, həmçinin bəzi hallarda plan və proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələr tələb edilməsindən xəbərdar olduğunu da söyləyib.
İqtisadçı və MM-in keçmiş deputatı Nazim Bəydəmirli Azərbaycanda hazırda diqqət mərkəzində olan vergi islahatları məsələsindən və korrupsiya ilə mübarizədən danışıb.
Your browser doesn’t support HTML5
Amerikanın Səsinə müsahibəsi zamanı Nazim bəy deyib ki, mübarizə həm struktur islahatlar, həm də bu strukturlarda çalışan insanların əmək haqlarının artırılması ilə aparılmalıdır.
“Azərbaycanda orta əmək haqqı qonşu dövlətlərdən də aşağı səviyyədədir. Orta əmək haqqı orta hesabla 525 manatdır. 1000 manat civarında əmək haqqı alan müfəttişlərdən tələb etmək olar ki, onlar korrupsiyaya uğramasınlar. Lakin onların bu şəraitdə tələblərə əməl edəcəkləri sual atındadır”- deyə, iqtisadçı bildirib.
N.Bəydəmirli deyib ki, Vergilər Nazirliyi əmək haqlarını qaldırmaqla yanaşı, kadrların yerləşdirilməsi ilə bağlı şəffaf sistem yaratmalıdır.
Korrupsiyaya qarşı mübarizənin hansı yollarla aparılmasından danışan sabiq millət vəkili inzibatçılıqdan daha çox maarifləndirməyə təkan verilməsinin vacibliyini vurğulayıb. O, sahibkarlığın ciddi şəkildə dəstəklənməsini də önə çəkib.
N.Bəydəmirlinin bildirdiyinə görə, sakibkarlığın lokomotivi olan reklamlardan Azərbaycanında bəzi sahibkarları imtina edir. Belə ki, onları vergi qurumlarının təzyiqləri qorxudur. O, deyib ki, bu qurumlarla üzləşməmək üçün onlar bir neçə tanış-bilişə rüşvət ödəməklə gizlənməyə çalışır.
Vergi sisteminə nəzarətin necə aparılmasına dair iqtisadçı hesab edir ki, Vergilər Nazirliyi xəttində kifayət qədər hüquq pozuntuları olub.
“Azərbaycan qanunvericiliyində sanksiyalar və cərimələrdən toplanan vəsaitlərin bir hissəsindən qurumların işçilərinin maddi təminatını artırmaq üçün əlavə olaraq paket maaşlar verilir. Bu isə cərimələrin artırılmasını stimullaşdırır, əsasız olaraq cərimələrin tətbiqini sürətləndirir”, Nazim bəy bildirib.
İqtisadçı Azərbaycanda pensiya alan əhali arasında vergi ödənişləri edilmədiyini də qeyd edib.
“Mən təklif etmişəm ki, sosial sığorta haqqı ləğv edilməli və bu, sosial vergi ilə əvəz olunmalıdır”- deyə, iqtisadçı bildirib.
Əmlak vergilərinə gəlincə, burada vəziyyəti dəyərləndirən sabiq millət vəkili bu sahədə əldə edilən gəlirlərin əhəmiyyəsiz olduğunu deyib.