Nazarbayev istefasını elan etməzdən öncə Putinlə söhbət edib

Arxiv fotosu - Qazaxıstanın lideri Nursultan Nazarbayev Rusiya prezidenti Vladimir Putinlə Almatıda görüş zamanı, 27 fevral, 2017.

Qazaxıstanın lideri Nursultan Nazarbayev çərşənbə axşamı günü gözlənilmədən istefasını elan etməsindən öncə Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti edib. Bu haqda Rusiya xəbər agentlikləri Kremlin sözçüsü Dmitri Peskova istinadən məlumat verib.

“Bu gün günorta prezident Putinin prezident Nazarbayevlə telefon söhbəti olub. Bizim hələlik söhbətin məzmunu haqda məlumatımız yoxdur”, Peskov bildirib. O əlavə edib ki, Kreml məsələ ilə bağlı hələlik açıqlama vermir.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəni 30 ilə yaxındır idarə etdikdən sonra istefa verdiyini bəyan edib.

"Mən prezident səlahiyyətimə son qoymaq qərarı verdim", Nazarbayev martın 19-da xalqa televiziya vasitəsilə yayımlanmış çıxışında bildirib.

"Bu il bu ən yüksək postda qalmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstanın ilk prezidenti olmaq imkanı yaradıb”, neftlə zəngin ölkənin 30 ilə yaxındır lideri olmuş 78 yaşlı Nazarbayev deyib.

Martın 20-dən prezident səlahiyyətini parlamentin yuxarı palatasının spikeri Kasım-Jomart Tokayev icra edəcək. Ölkədə növbəti prezident seçkisi isə 2020-ci ildə keçirilməlidir.

Nazarbayev istefa versə də, hakim “Nur Otan” partiyasının rəhbəri və prezident yanında nüfuzlu Təhlükəsizlik Şurasının sədri olaraq qaldığını bildirib.

2018-ci ildə iyul ayında Təhlükəsizlik Şurasının məsləhətçi statusundan konstitusional statusa keçirilməsi onun nüfuzu güclənməsinə gətirib çıxardı və Nazarbayev şuranın ömürlük sədri oldu.

Qzaxıstanda bir çoxları bu dəyişikliyi Nazarbayevin prezidentlikdən getdikdən sonra da hakimiyyətdə gücünü saxlamağa çalışmasına işarə kimi qəbul etmişdi.

2016-ci ildə Özbəkistanın avtokrat prezidenti İslam Kərimovun ölümündən sonra Nazarbayev keçmiş sovet respublikasında Sovet İttifaqının 1991-ci ildə süqutundan əvvəl hakimiyyətdə qalan yeganə lider idi.