Naxçıvanda işgəncə və jurnalistlərin dindirilməsi macərası

Vəkilin dediyinə görə, sahibkarlara 3 gün ərzində yemək və su verilməyib. M.Qurbanov saatlarla çılpaq halda əlləri bağlı açıq havada saxlanılıb, ayaqlarına soyuq su tökülüb. Jurnalistlər saatlarla dindirilib
Dekabrın 8-də Türkiyə ilə sərhəddə yerləşən Sədərək gömrük keçid məntəqəsində baş verən insident zamanı döyülərək həbs edilən sahibkar Məmməd Qurbanov və Nadir Məmmədova Sədərək Rayon Polis Şöbəsində ağır işgəncələr verilib. Bu barədə məlumatı “Turan”a həbs edilən hər iki şəxsin vəkili Xalid Bağırov verib.

Vəkilin dediklərinə görə, dekabrın 24-də məsələni araşdırmaq üçün Naxçıvana gəlib. O, Sədərək Rayon Prokurorluğunda müdafiə ilə bağlı orderi təqdim etdikdən sonra Böyük Düzdə yerləşən təcridxanada müvəkkilləri ilə görüşüb.

X. Bağırov bildirib: “Dekabrın 24-də mən təcridxanada Məmməd Qurbanov və Nadir Məmmədova təkbətək görüşdüm. Eyni zamanda araşdırmanı aparan prokuror Teymur Vəliyev mənim iştirakımla Nadir Məmmədovdan ifadə aldı. Görüş zamanı aydın oldu ki, dekabrın 8-dən 11-dək hər iki müvəkkilimə Sədərək Rayon Polis Şöbəsində ağır işgəncələr verilib. Onlara 3 gün ərzində yemək və su verilməyib. Məmməd Qurbanov saatlarla çılpaq halda əlləri arxadan çarpaz vəziyyətdə bağlı açıq havada saxlanılıb. Bu vəziyyətdə onun ayaqlarına soyuq su da tökülüb. İşgəncələr əsasən Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən verilib”.

Vəkilin sözlərinə görə, bu hərəkət Beynəlxalq İşgəncələr Əleyhinə Komitənin qəbul etdiyi 6 işgəncə növündən biridir. Görüş zamanı vəkil N.Məmmədovun üzərində işgəncə izlərinin olmasının şahidi olub.

X.Bağırov: “İşi aparan prokuror mənim iştirakımla Nadir Məmmədovdan ifadə aldı. İfadə zamanı mənim tələbimlə Məmmədovun bədəninə baxış keçirdik. Gördüm ki, onun bədəninin müxtəlif yerlərində döyülmədən qalan göyərmə izləri var. Amma tibbi ekspertizada bunların heç biri qeyd olunmamışdı. Bu zaman mən təcridxananın rəisini dəvət edərək zərbə izlərini ona da göstərdim. Təcridxana rəisi Məmmədovun təcridxanada döyülmədiyini, bura gətirilərkən izlərin ola biləcəyini bildirdi. Burada mənə aydın oldu ki, tibbi ekspertizanın rəyi saxtadır və mən yenidən tibbi ekspertizanın keçirilməsini tələb etdim”.

Vəkilin bildirdiyinə görə, Nadir Məmmədovla görüş zamanı o deyib ki, Sədərək Rayon Polis Şöbəsində işgəncə verərək ondan İlqar Nəsibov və Elman Abbasovun əleyhinə ərizə alınıb. Məcburi yazılan ərizədə bildirilib ki, N. Məmmədov hər iki jurnalistin göstərişi ilə o hərəkətləri törədib. İfadə zamanı isə N.Məmmədov tamamilə başqa ifadə verdi. O bildirdi ki, jurnalistlər ora qayınatası M.Qurbanovun şikayəti əsasında gəlib və onun jurnalistlərlə heç bir söhbəti olmayıb.

Vəkil X.Bağırov qeyd edib ki, görüş zamanı tam aydın oldu ki, N.Məmmədova işgəncə jurnalistlərin əleyhinə ifadə almaq üçün verilib. O, çox möhkəm qorxudulub və təzyiq altındadır.

Xatırladaq ki, naxçıvanlı sahibkarlar Nadir Məmmədov və Məmməd Qurbanov dekabrın 11-də Sədərək məhkəməsi tərəfindən istintaq dövründə 2 ay müddətinə həbs olunublar. Həbsə və CM-in 315.1 və 315.2-ci maddələri ilə (hakimiyyət nümayəndələrinə müqavimət göstərmək) cinayət işinin qaldırılmasına səbəb dekabrın 8-də Sədərək gömrük məntəqəsində onlarla gömrükçülər arasında münaqişə səbəb olub.

Yerli medianın yazdığına görə, münaqişəyə M.Qurbanovun Türkiyədən gətirdiyi mallara görə rüşvət verməkdən imtina etməsi səbəb olub. Bundan sonra mal müsadirə edilib, sahibkarlar özləri həbs olunublar. Araşdırma aparmaq üçün dəvət olunan jurnalistlər də təzyiqlərə məruz qalıblar.

Dekabrın 26-da yerli vaxtla saat 11-də jurnalistlər İlqar Nəsibov və Elman Abbasov Sədərək Rayon Polis Şöbəsində dindirilməyə başlayıb.

İ.Nəsibovun həyat yoldaşı, yerli Demokratiya və QHT-nin İnkişafı Resurs Mərkəzinin direktoru Məlahət Nəsibova bildirib ki, jurnalistlərin dindirilməsində yerli polis və prokurorluğun rəhbərlərindən başqa Naxçıvanın baş prokuroru Səbuhi Haqverdiyev də iştirak edir.

Bakı vaxtı ilə saat 16.30-da jurnalist İlqar Nəsibov azad buraxılıb. Elman Abbasov isə yerli vaxtla saat 19-da hələ də polis bölməsində dindirilirdi.

İlqar Nəsibov Amerikanın Səsi radiosuna bildirib ki, hər iki jurnalistdən şahid qismində ifadə alıblar. “İfadə alınan zamanı bizimlə yüksək tonda danışırdılar, psixoloji təsir edirdilər”, o qeyd edib.

İ.Nəsibov deyib ki, istintaq orqanı həbs edilmiş biznesmendən təzyiq altında jurnalistlərin əleyhinə ifadə alıb. “Guya biz biznesmen Türkiyəyə getməmişdən bir gün qabaq onu öyrətmişik ki, gömrük keşid məntəqəsində hay-küy qaldırsın. Biznesmen sonradan vəkili vasitəsi ilə verdiyi ifadəsində işgəncə altında ona bu ifadəyə qol çəkdirdiklərini bildirib və jurnalistləri onun qaynatasının gömrük-keçid məntəqəsinə dəvət etdiyini təsdiq edib. Bizdən bununla bağlı ifadə aldılar”, - deyə İ.Nəsibov bildirib.

Xatırladaq ki, jurnalistlər dekabrın 8-də yerli sahibkarlar Nadir Məmmədovla Məmməd Qurbanovun gömrük işçiləri tərəfindən döyülərək həbs olunmasını işıqlandırıb. Bu zaman onların video kameraları alınıb, təzyiqə məruz qalıblar.

Öz növbəsində, Naxçıvan polisi işgəncə ilə bağlı deyilənləri təkzib edib. Sədərək rayon polis bölməsinin növbətçi hissəsindən Amerikanın Səsi radiosuna deyiblər ki, polisdə saxlanma müvafiz qanunvrericiliyə uyğun aparılır və heç bir halda saxlanan şəxslərə işgəncə verilmir. "Təbii ki, hər bir saxlanan şəxs bir bəhanə axtarır", növbətçi hissədən bildiriblər.