Həbsdə olan rusiyalı müxalif siyasətçi Aleksei Navalnı Moskva Şəhər Məhkəməsinin iyunun 19-da bağlı qapılar arxasında keçirilməsinə qərar verdiyi yeni məhkəmə prosesində ekstremizm ittihamı ilə əlavə 30 il həbs cəzası ilə qarşılaşa bilər.
Moskvadan 260 kilometr şərqdə yerləşən Vladimir bölgəsindəki həbsxanasında müvəqqəti məhkəmə zalına çıxarılan Navalnı deyib ki, məhkəmədə vəkillərdən ibarət bir qrup da iştirak etsə də, bu işdə özünü müdafiə edir.
Yeni məhkəmə işi Ukraynaya qarşı əsassız müharibə zamanı vətəndaş cəmiyyətinə qarşı ölkə boyu repressiyalar fonunda Kremlin özünün ən tanınmış tənqidçilərindən birini susdurmaq üçün növbəti cəhdi kimi qiymətləndirilir.
Moskva Şəhər Məhkəməsinin əməkdaşları məhkəmə prosesi üçün 6 saylı İstintaq Təcridxanasına gediblər. Jurnalistlər burada səsi çətinliklə eşidilən videobağlantı vasitəsilə prosesi izləmək üçün ekranı olan xüsusi otağa yerləşdiriliblər. Navalnının valideynləri Anatoli və Lyudmila Navalnının məhkəmədə iştirakına icazə verilib.
Proses davam edərkən Navalnının hüquqşünaslardan ibarət komandası və onun Navalnı LIVE YouTube kanalının texniki direktoru Daniel Xolodnı hakim Andrey Suvorovun bu işdən uzaqlaşdırılmasını tələb edərək, məhkəmənin Moskvada keçirilməli olduğunu bildiriblər. Buna səbəb kimi onların hər ikisinin Rusiya paytaxtında rəsmi olaraq qeydiyyatda olması və iddiaların Moskva ilə əlaqədar olması göstərilib.
“İnanıram ki, mövcud şəraiti və cinayət qanununu nəzərə alaraq, siz geri çəkilməlisiniz” – deyə, qara həbsxana forması geyinmiş Navalnı məhkəmədə bildirib.
Suvorov tez bir zamanda vəsatəti rədd edib.
Navalnı və Xolodnıya qarşı ekstremist qrup yaratmaq, ekstremizmə çağırışlar etmək, vətəndaşların hüquqlarını pozan qeyri-kommersiya təşkilatı yaratmaq, ekstremizmi maliyyələşdirmək, yetkinlik yaşına çatmayan uşağı cinayət fəaliyyətinə cəlb etmək və nasizmi reabilitasiya etmək ittihamları irəli sürülüb.
İclasdan qısa müddət sonra jurnalistlər üçün audio yayım kəsilib. Məhkəmənin mətbuat xidmətinin nümayəndəsi Vadim Polejayev məhkəmənin prosesin qapalı keçirilməsinə qərar verdiyini təsdiqləyib.
Navalnının atası məhkəmə yerini tərk edərkən “nə abır var, nə vicdan, nə də namus” deyib.
Aprel ayında yeni işi ilk dəfə ictimaiyyətə açıqlayanda Navalnı ittihamları “absurd” adlandırmışdı.
Navalnı həmçinin deyib ki, ona qarşı terrorizm və nasizmi təbliğ etmək ittihamı ilə daha bir iş oktyabr ayında sürgündə olan həmkarlarının YouTube-da Popular Politics kanalında verdiyi açıqlamalara görə başlayıb.
Şərhlərdə Rusiya prezidenti Vladimir Putin və onun hökuməti tənqid edilib və Moskvanın 2022-ci ilin fevralında Ukraynaya əsassız genişmiqyaslı hərbi müdaxiləsi pislənib.
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) aprel ayında Navalnının tərəfdaşlarının Ukraynanın xüsusi xidmət orqanları ilə birlikdə Rusiyanın ikinci böyük şəhəri olan Sankt-Peterburqda Kremlpərəst jurnalist və təbliğatçı Vladlen Tatarskinin öldürülməsində əli olduqlarını iddia edib.