Həbsdə olan müxalif siyasətçi Aleksey Navalnı cümə axşamı rusiyalıları martın 17-də keçiriləcək prezident seçkiləri günü günorta saatlarında səsverməyə gələrək Vladimir Putinə qarşı etirazlarını nümayiş etdirməyə çağırıb. Siyasətçi bunu milyonların iştirak edə biləcəyi ümummilli etiraz adlandırıb.
Sosial mediada tərəfdarlarına müraciət edən Navalnı deyib ki, sadəcə olaraq Putinin əleyhinə səs vermək kifayət deyil, çünki Kreml prezident seçkilərində ilk dəfə tətbiq edilən elektron səsvermə sistemindən istifadə edərək nəticələri yenə də saxtalaşdıracaq.
Bununla belə, Navalnı deyib ki, martın 17-də günorta saatlarında küçələrə çıxan böyük izdihamın görünməsi heç kimi təhlükəyə atmadan güclü mesaj vermiş olacaq.
“Bu, ölkənin əhval-ruhiyyəsinin güclü nümayişi ola bilər. Günorta saat 12-də fəallıq artıq yüksəkdir, çoxlu insan var və “əleyhinə” səs verənləri ayırmaq sadəcə mümkün olmayacaq” - deyə, Navalnı komandası tərəfindən idarə olunan Telegram kanalında yazıb.
“Bu, Putinə qarşı evinizin yaxınlığında keçirilən ümummilli etiraz aksiyası olacaq. Hər kəs üçün, hər yerdə mümkündür. Milyonlarla insan orada iştirak edə biləcək. On milyonlarla insan bunun şahidi olacaq” - deyə, siyasətçi çağırış edib.