Müxalif siyasətçi, Korrupsiya ilə mübarizə Fondunun təsisçisi Aleksey Navalnı Moskvada etiraz aksiyası zamanı həbs edilib. Navalnı Moskvanın mərkəzində tərəfdarları ilə birlikdə Tverskaya küçəsinə demək olar ki çıxan kimi polis tərəfindən həbs edilib. Tverskaya küçəsi sanksiyalaşdırılmamış mitinqin keçdiyi ərazinin bir hissəsidir.
Navalnının həbs edildiyini görən Reuters agentliyinin müxbirinin verdiyi məlumata görə, polis onu polis maşınına yerləşdirib. Tərəfdarları Navalnının olduğu polis avtobusunu əhatəyə alaraq, onun keçməsinə imkan verməməyə və qapıları açmağa çalışıb. Lakin Navalnı etiraz aksiyasının iştirakçılarına müraciət edərək, avtobusun qarşısını almamağa çağırıb.
Rusiya polisinin bazar günü ölkə boyu keçirilən etiraz aksiyalarında yüzlərlə insanı həbs etdiyi haqda xəbər verilir.
Bu, çox qorxuludur, amma əgər hamı qorxsa, o zaman heç kim küçələrə çıxmazMitinq iştirakçısı
Bazar günü etiraz nümayişləri pozuntularla müşayiət olmuş parlament seçkilərinin ardınca 2011-2012-ci illərdə keçirlən mitinqlərdən sonra insanların narazılıqlarını bildirmək üçün çıxdığı ən böyük koordinasiya edilmiş aksiyalar hesab edilir.
"Bu, çox qorxuludur, amma əgər hamı qorxsa, o zaman heç kim küçələrə çıxmaz"-deyə 19 yaşlı Yana Aksyonova Associated Press agentlyinə bildirib.
Navalnı mitinqi bu ay Medvedevin gəlirsiz təşkilatlar kimi kölgəli şəbəkələr vasitəsilə daşınmaz əmlak, yaxtalar və üzüm bağları kimi sərvətlərə malik olduğuna dair detallı hesabatından sonra çağırıb.
İnsanlar korrupsiya iddiaları ilə bağlı araşdırmanın olmaması faktından narazıdırMoskvada mitinq iştirakçısı
Hesabat YouTube kanalında 11 milyon dəfədən çox izlənilib. Medvedev hələlik hesabata reaksiya verməyib. Moskva və Sank Peterburqda bu gün sanksiyalaşdırılmamış mitinqlər keçirilib.
"İnsanlar korrupsiya iddiaları ilə bağlı araşdırmanın olmaması faktından narazıdır"-deyə Moskvada mitinq iştirakçısı İvan Qronşteyn bildirib.
Navalnı öz veb səhifəsində bildirib ki, Rusiyanın 99 şəhərində etiraz mitinqləri planlaşdırılıb, lakin 72 şəhərdə rəsmilər mitinqin keçirilməsinə icazə verməyib.
Kremlin tənqidçisi olan və gələn il ölkədə prezident seçkilərindən namizədliyini irəli sürmək istədiyini bildirən Navalnı son həftələr Rusiyanın bir sıra şəhərlərində tərəfdarları ilə görüşlər keçirib.