Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı rəsmilərin onu prezident seçkilərində iştirak etmək üçün namizədliyini qeydiyyata almamasından sonra seçkilərin boykot edilməsinə çağırış edir.
Rusiya Mərkəzi Seçki Komissiyası bazar ertəsi Navalnının 2018-ci ilin mart ayında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini qeydiyyata almayıb. MSK bu qərarı müxalif siyasətçinin öncəki məhkumluğu ilə əsaslandırıb. Lakin tərəfdarları Navalnıya qarşı çıxarılan qərarın siyasi motivli olduğunu bildirirlər.
Navalnı deyib ki, onun komandası bundan sonra prezident seçkilərinin boykot edilməsi kampaniyası aparacaq.
“Biz seçicilərin tətilini elan edirik. Biz seçkilərin boykot edilməsinə çağırış edəcəyik, biz bu seçkilərin nəticələrini tanımayacayıq və bizim aparacağımız ümummilli kampaniya nəinki seçkilərin boykot edilməsini, həm də seçicilərin fəallığının monitorinqini həyata keçirəcək. Əlbəttə ki, biz bu qərarı apellyasiya edəcəyik, amma çox gözəl anlayırıq ki, məhkəmə də sistemin bir hissəsidir.”
Prezident Vladimir Putin bu ayın əvvəli 18 mart seçkilərində iştirak edəcəyini elan etmişdi. Ehtimal edilir ki, o, dördüncü prezidentlik müddətini çətinlik çəkmədən qazanacaq.