NATO-da Azərbaycan sərgisi

NATO-da sərgi

Sərgidə Azərbaycanın Əfqanıstana mülki və hərbi dəstəyini əks etdirən foto və video görüntülər nümayiş etdirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümü münasibətilə oktyabrın 18-də NATO Mənzil Qərargahında “Azərbaycanın Əfqanıstanda iştirakı” mövzusunda sərgi keçirilib.

Sərgidə Azərbaycanın Əfqanıstana mülki və hərbi dəstəyi, NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatına töhfələrinə dair şəkillər, eyni zamanda Azərbaycanın tarixini, mədəniyyətini və iqtisadi inkişafını əks etdirən çap materialları və video çarx nümayiş etdirilib.

Azərbaycanın NATO yanında nümayəndəliyinin məlumatına görə, sərginin rəsmi açılış mərasimi də olub.

Mərasimdə Azərbaycanın ISAF əməliyyatına hərbi qüvvə və tranzit dəstəyi, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Əfqanıstana ekspertiza və çap materialları vasitəsilə yardımı, Azərbaycan Diplomatik Akademiyasının (ADA) əfqan dövlət qulluqçuları üçün təşkil etdiyi təlimlər qeyd olunub və bu töhfələrin əhəmiyyəti vurğulanıb.

NATO-nin İctimai Diplomatiya Bölməsinin texniki dəstəyi ilə baş tutan sərgidə NATO Baş Katibinin Müdafiə Siyasəti və Planlama üzrə köməkçisi H.Diriöz, NATO Beynəlxalq Katibliyinin və Beynəlxalq Hərbi Heyətinin rəsmiləri, üzv və tərəfdaş dövlətlərin nümayəndələri və həmin tarixdə NATO Mənzil Qərargahında səfərdə olan ADA tələbələri də iştirak edib.