ABŞ və NATO: Rusiya Ukrayna sərhəddində əsgərlərin sayının artırır

NATO Rusiyanın Ukrayna ilə sərhəddə son günlər əsgəri qüvvəsinin sayının 20 min nəfərə çatdıraraq, tanklar, quru və xüsusi təyinatlı qüvvələr və hərbi təyyarələrin sayını artırdığını bildirib.

NATO rəsmisi bu açıqlamanı Vaşinqtonda verib. Bununla yanaşı, ABŞ Müdafiə nazirliyinin rəsmisi Amerikanın Səsinə Rusiyanın sərhədə tanklar və raket atan qurğular daxil olmaqla, daha artıq texnika yerləşdirdiyini deyib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andriy Lısenko Rusiyanın sərhədə 45 min nəfərdən ibarət əsgəri qüvvə, eləcə də tanklar, artilleriya, bir neçə raket atan qurğu və təyyarə yerləşdirdiyini bildirib.

Lısenkonun sözlərinə görə, 24 saat ərzində Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılarla döyüşdə üç Ukrayna əsgəri öldürülüb, 46 əsgər yaralanıb. O həmçinin Rusiya qüvvələrinn bazar ertəsi sərhəd bölgəsində bir neçə saat ərzində Ukrayna qüvvələrinin mövqlərini artilleriya və Grad tipli raketlərdən atəşə tutduğunu deyib.

Lısenko Ukraynanın şərqində separatçıların iki güclü istinadgahından biri olan Donetsk şəhərinin nəzarətinin geri alınması üçün əməliyyatlara hazırlıqların getdiyini bildirib. Müdafiə nazirliyinin sözçüsü detallara varmayıb.

Bu arada, Rusiya prezidenti Vladimir Putin Qərbin sanksiyalarına cavabı müzakirə etmək üçün kabinet üzlərinin iclasını keçirilməsi haqda göstəriş verdiyini bildirib.

Birləşmiş Ştatlar və onun müttəfiqləri Krımın ilhaqı və Ukraynanın şərqində separatçılara dəstəklə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiyalar tətbiq edib.