Ukrayna lideri və onun müdafiə və təhlükəsizlik müşavirləri Rusiya lideri Vladimir Putinin niyyətlərini onların Qərbdəki həmkarlarından fərqli qiymətləndirirlər. Onlar Rusiyanın səkkiz ildir davam edən təxribatları və Ukraynanın şərqində davam edən uzun müharibə nəticəsində daha dözümlüdürlərmi yoxsa rus rəqiblərinin niyyətlərini səhv oxuyurlarmı?
Vaşinqton və London Putinin Ukraynaya hərbi müdaxiləyə göstəriş vermə ehtimalının yüksək olduğuna dair xəbərdarlıq ediblər. ABŞ Prezidenti Co Bayden həftələrdir Rusiyanın gələn ay Ukraynanı işğal edəcəyinə dair “açıq ehtimalla” bağlı xəbərdarlıqlar edir və cümə axşamı Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı bunu bir daha vurğulayıb. Bu barədə Ağ Ev məlumat verib.
Britaniyanın müdafiə naziri Ben Vallas deyir ki, o, Rusiyanın Ukraynaya müdaxiləsinin qarşısının alına biləcəyinə dair “nikbin deyil.” O, Berlinə səfəri zamanı BBC-yə bildirib ki, işğalı hələ də “dayandırmaq” şansı var, amma “mən nikbik deyiləm.”
Rusiya Ukraynaya böyük hərbi müdaxilə etməyə hazırlaşdığını inkar edir, Qərb qüvvələrini isə təşviş yaratmaqda ittiham edir. Kreml israr edir ki, Ukrayna sərhədinə yürləşdirdiyi 100 mindən çox qoşun təlimlərin bir hissəsidir.
Lakin belə görünür ki, Zelenski Moskvanın geniş-miqyaslı müdaxilə başlatmayacağını və böyük ehtimalla son on ildə Ukrayna və Avropaya qarşı apardığı psixoloji və hibrin müharibəni daha mürəkkəb formada davam etdirəcəyindən şübhələnir.
Ukrayna prezidenti çərşənbə günü yarısı 2014-cü ildən bəri Rusiya əsgərləri və silahlı yerli vasitəçilər tərəfindən işğal olunan Ukraynanın şərqindəki Donbass regionunu müzakirə etmək üçün Ukrayna, Rusiya, Almaniya və Fransa rəsmiləri arasında Normandiya formatı çərçivəsində keçirilən görüşdən öncə təmkinə çağırıb.
Cümə günü xarici media tərəfindən fərqli dəyərləndirmələr və Baydenlə əlaqələrin mümkün pozulması ilə bağlı sualı cavablandıran Zelenski Ukrayna iqtisadiyyatı ilə bağlı narahatlıqlarını dilə gətirib və deyib ki, qaçılmaz hərbi müdaxilə ilə bağlı müzakirələr iqtisadiyyata mənfi təsir göstərir.
Lakin o şikayət edib ki, media “bizim küçələrdə ordunun olduğuna” dair təsəvvür yaradır, amma “bu doğru deyil.” O həmçinin deyib ki, Ukraynanın “bu panikaya ehtiyacl yoxdur,” çünki bu iqtisadiyyata ziyan vurur. “Biz hazırkı iqtisadiyyatı itirə bilərik,” o əlavə edib.
Ukrayna lideri ötən həftə Bİrləşmiş Ştatlar, Britaniya, Kanada və Avstraliya səfirlik işçilərini evakuasiya etmək planlarını açıqladıqları zaman açıq şəkildə bu məsələyə toxunub. Zelenski və onun müşavirləri məyusluqlarını ifadə ediblər və diplomatik heyətin çıxarılmasının çox erkən olduğunu deyiblər.
Bir rəsmi Amerikanın Səsinə deyib ki, evakuasiyalar sadə ukraynalıların qorxularını yatırmaq səylərinə xələl gətirib. Birləşmiş Ştatlar və Britaniya həmçinin vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb.
Ukrayna rəsmilərinin bildirdiyinə görə, Zelenski evakuasiya məsələsini ABŞ rəsmiləri, o cümlədən ABŞ Dövlət Katibi Antoni Blinkenlə müzakirə edib və deyib ki, işçi heyətinin çıxarılması “həddindən artıq bir reaksiyadır” və Rusiya bundan sui-istifadə edərək qorxu yaya və sabitliyi poza bilər.
Ancaq iütisadiyyat və Ukraynanın mənəvi vəziyyəti ilə bağlı narahatlıqlardan əlavə, belə görünür ki, Kyiv Vaşinqton və Londonla Putinin strategiyası, habelə onun geniş-miqyaslı müdaxilə başlatmasına imkan verəcək hərbi güc toplamağı bitirməyə yaxın olub-olmadığı ilə bağlı fikir ayrılığı yaşayır.
Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın sözlərinə görə, Rusiya genişmiqyaslı hərbi müdaxilə etmək üçün kifayət qədər qoşun yerləşdirməyib. O bu həftə müxbirlərə deyib ki, “Rusiyanın Ukrayna sərhəd və Ukraynanın işğal altında olan ərazilərində cəmləşdirdiyi qoşun sayı çoxdur, Ukraynaya təhlükə, birbaşa təhlükə yaradır, ancaq hazırda bu sayı Ukraynanın bütün sərhədlərindən Ukraynaya qarşı tammiqyaslı hücum başlatmaq üçün kifayət deyil. ”