NATO-ya üzvlük İsveç üçün yeni strateji yol deməkdir

Your browser doesn’t support HTML5

NATO-ya üzvlük İsveç üçün yeni strateji yol deməkdir

Bazar ertəsi İsveç rəsmi olaraq NATO-ya qoşulduqdan sonra alyansın baş katibi Yens Stoltenberq deyib ki, bu, hər bir ölkənin “azadlıq və demokratiya yolunu seçmək” hüququna malik olduğunu göstərir. O əlavə edib ki, Ukrayna hazırda həmin dəyərlər uğrunda mübarizə aparır.

Bu, İsveç üçün yeni strateji yol, NATO üçün yeni üzv deməkdir. Bazar ertəsi alyansın Brüsseldəki qərargahında İsveç bayrağı qaldırılarkən baş nazir Ulf Kristersson bunun ölkəsi üçün təbii addım olduğunu deyib. "İsveç evinə gəldi. Demokratik ölkələr arasında təhlükəsizlik əməkdaşlığının olduğu evə. Bizim mehriban qonşularımızın təhlükəsizlik sahəsində əməkdaşlıq etdiyi evə".

NATO-nun baş katibi Yens Stoltenberq alyansın 32-ci üzvünü salamlayıb. "İsveçin üzvlüyü bir daha göstərir ki, NATO-nun qapısı açıqdır. Heç kim onu bağlaya bilməz. Hər bir ölkənin öz yolunu seçmək hüququ var və biz hamımız azadlıq və demokratiya yolunu seçirik. Biz danışarkən cəsur Ukrayna xalqı bu dəyərlər uğrunda mübarizə aparır".

İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün 2022-ci ilin mayında, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən üç ay sonra müraciət edib.

Finlandiya alyansa 2023-cü ilin aprelində qoşulub. Lakin Türkiyə və Macarıstan İsveçin təklifini ratifikasiya etməyi gecikdirirdi.

Ankara İsveçi terrorçu hesab etdiyi kürd separatçılarına sığınacaq verməkdə ittiham edib. İsveçin yeni anti-terror qanununu qəbul etməsi Türkiyəni üzvlüklə bağlı razılığı təsdiqləməyə inandırıb.

Budapeşt İsveçin Macarıstanda demokratiyanın geriləməsi ilə bağlı tənqidlərinə etiraz edib. Keçən ay əldə edilən ikitərəfli yeni müdafiə sazişi bu fikir ayrılıqlarını aradan qaldırıb.

İki əsrlik hərbi neytrallıqdan sonra NATO-ya üzvlük İsveç və onun xalqı üçün əhəmiyyətli dəyişiklik deməkdir. Stokholmdan tələbə Karl Fredrik Aspegren: "Bir neçə il əvvəl mən İsveçin NATO-ya qoşulmasının əleyhinə idim, çünki bizdə mövcud olan neytrallıq siyasətinin tərəfdarı idim. Ancaq indi inanıram ki, həqiqətən də bizim orada olmağımız vacibdir. Düşünürəm ki, həqiqətən biz bir mövqe tutmalı idik."

İsveçdən IT mütəxəssisi Hakan Yücel: "Düşünürəm ki, indi özümüzü daha təhlükəsiz hiss edirik. Əvvəllər biz kənarda idik və özümüzü bir az tənha hiss edirdik".

İsveç NATO-ya həssas dəniz dibi infrastrukturunu qorumaq üçün 2028-ci ilə qədər buraxılması planlaşdırılan yeni nəsil sualtı qayıqlar da daxil olmaqla, dəyərli hərbi imkanlar gətirəcək. Barbara Kunz: "Hazırda bütün Skandinaviya ölkələrinin NATO-nun üzvü olması, həmçinin Baltikyanı dövlətlərin NATO-nun üzvü olması Şimali Avropanın və Baltik dənizi ərazisinin müdafiəsini hərtərəfli planlaşdırmağa imkan verir. İsveç bu, çox əhəmiyyəyli region olan Baltik dənizində fəaliyyət göstərmək üçün xüsusi qabiliyyətə malikdir. Bu, dayaz sularda yaxşı görmək çətindir, İsveç bunu çox yaxşı bacarır".

İsveç qüvvələri artıq NATO müttəfiqləri ilə alyansın Soyuq Müharibədən bəri ən böyük hərbi təlimlərində iştirak edir.

Rusiya prezidenti Vladimir Putin deyib ki, o, "NATO-nun növbəti genişlənməsi ilə bağlı təhdidləri neytrallaşdırmaq" üçün ölkəsinin qərb sərhədləri boyunca hərbi mövcudluğunu gücləndirmək niyyətindədir.