NATO-nun yeni rəhbəri çərşənbə axşamı müharibədən zərər çəkmiş Ukraynaya Qərbin dəstəyini gücləndirməyə kömək edəcəyinə söz verib və noyabrda alyansın ən güclü üzvü olan ABŞ-da seçiləcək yeni prezident ilə işləyə biləcəyinə əmin olduğunu bildirib.
"Güclü, müstəqil Ukrayna olmadan Avropada davamlı təhlükəsizlik ola bilməz", NATO-nun yeni baş katibi Mark Rutte vəzifəyə başlaması ilə bağlı ilk çıxışında bildirib və 2008-ci ildə qurumun liderləri tərəfindən "Ukraynanın layiqli yeri NATO-dadır" öhdəliyini təsdiqləyib.
"Ukraynaya dəstəyin dəyəri Putinin istədiyini almasına imkan versək, üzləşəcəyimiz xərclərdən çox, çox aşağıdır", Rutte sələfi Yens Stoltenberqin vikinq çəkici ilə birlikdə idarəetməni ona təhvil verməsindən bir neçə saat sonra jurnalistlərə deyib.
Lakin Ukraynanın NATO-ya üzvlüyü uzaq perspektiv olaraq qalır. ABŞ və Almaniya başda olmaqla bir sıra üzv ölkələr hesab edir ki, Ukrayna müharibə apararkən alyansa qoşulmamalıdır. Rutte NATO sıralarında yer almadan əvvəl nələrin baş verməsi barədə spekulyasiya etməkdən imtina edib.
Rutte Çini, xüsusən də Pekinin Putinə dəstəyini qeyd edib. "Çin Rusiyanın Ukraynada müharibəsində həlledici faktora çevrilib. Çin onun maraqlarına və reputasiyasına təsir etmədən İkinci Dünya Müharibəsindən bəri Avropada ən böyük münaqişəni alovlandırmaqda davam edə bilməz", o deyib.
NATO-nun yeni yüksək səviyyəli mülki rəsmisi ABŞ seçkilərinə cəmi bir ay qalmış ABŞ, Kanada və Avropa arasında güclü trans-Atlantik əlaqələrin saxlanmasının vacibliyini vurğulayıb.
“Mən hər iki namizədi çox yaxşı tanıyıram”, Rutte bildirib. O, Trampı NATO müttəfiqlərini daha çox maliyyə xərcləməyə sövq etdiyinə və Çinlə bağlı yanaşmanı sərtləşdirdiyinə görə yüksək qiymətləndirib. O həmçinin vitse-prezident Kamala Harrisin "fantastik göstəricilərini" alqışlayıb və onu "çox hörmətli lider" kimi xarakterizə edib.
"Mən seçkinin nəticəsindən asılı olmayaraqhər ikisi ilə işləyə biləcəm", Rutte deyib. Trampın digər müttəfiqlərə sadiqliyi ilə bağlı israrlı suallar verildikdə, o, cavabdan yayınaraq, sadəcə olaraq, hər iki namizədin “son nəticədə trans-Atlantik münasibətlərin təkcə Avropa üçün həlledici olmadığını” qeyd edib.