NATO Rusiyanın Qara dənizdə yük gəmisini atəşə tutmasını qınayıb

NATO sözçüsü Fərəh Dahlallahın cümə günü bildirdiyinə görə, NATO cümə axşamı Rusiyanın Ukraynadan gələn taxılla yüklənmiş mülki gəmiyə raket hücumunu kəskin şəkildə pisləyib.

"Bu cür hücumlara heç cür bəraət qazandırmaq olmaz. Dünənki hücum bir daha Rusiyanın başlatdığı müharibənin ehtiyatsızlığını nümayiş etdirdi" - deyə, o vurğulayıb.

Xatırladaq ki, Rusiya Misirə gedən gəmiyə raketi artıq gəminin Ukrayna ərazi sularını tərk etdiyi vaxt atıb. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa hadisəni "naviqasiya azadlığına və qlobal ərzaq təhlükəsizliyinə qarşı həyasızcasına hücum" adlandırıb.

Mənbənin Reuters xəbər agentliyinə verdiyi məlumata görə, hücum gecə, Dunay çayının ağzına yaxın, Rumıniya sularında olarkən həyata keçirilib.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk Reuters-ə verdiyi şərhində qeyd edib ki, zərbə zamanı taxıl gəmisi Ukraynanın taxıl daşınan dəhlizində olmayıb. O, gəminin Rumıniyanın iqtisadi dəniz zonasında olduğuna da aydınlıq gətirib.