NATO: Türkiyə ilə həmrəyik

NATO-nun 29 müttəfiq ölkələrinin səfirləri cümə günü Türkiyənin NATO-nun bünövrəsi hesab edilən Vaşinqton Müqaviləsinin 4-cü maddəsinə əsasən Suriyadakı vəziyyətlə əlaqədar danışıqların aparılmasını tələb etməsindən sonra Şimali Atlantika Şurasında bir araya gəliblər.

Müqavilənin 4-cü maddəsinə əsasən müttəfiqlərdən hər hansı biri ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinin təhlükə altında olduğunu düşündüyü zaman məsləhətləşmələrin aparılmasını tələb edə bilər.

Müttəfiqlər İdlib yaxınlığında Türkiyə əsgərlərinin öldürülməsi səbəbi ilə Türkiyəyə başsağlığı veriblər. Onlar həmçinin Suriya rejimi və onu dəstəkləyən Rusiyanın İdlib vilayətində həyata keçirdiyi hava hücumlarını qınayaraq, onları hücumları dayandırmağa, beynəlxalq qanunlara hörmət etməyə və BMT-nin məsələni sülh yolu ilə həll etmək səylərini dəstəkləməyə çağırıblar.

NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Türkiyə ilə həmrəy olduğunu və hava müdafiəsini artırmaq da daxil olmaqla bir sıra tədbirlər vasitəsi ilə Türkiyəyə dəstəyini davam etdirəcəyini vurğulayıb.

Mətbuat konfansı zamanı çıxış edən Yens Stoltenberq bildirib ki, "Bugünkü görüş Türkiyə ilə həmrəyliyin bariz əlamətidir. Türkiyə NATO-nun tərəfdaşıdır. Türkiyə Suriyadakı dəhşətli münaqişənin ən çox təsirlərinə və terror hücumlarına məruz qalıb. Türkiyə eləcə də milyonlarla qaçqına ev sahibliyi edir."

O həmçinin jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, NATO Türkiyənin hava müdafiəsini gücləndirmək eləcə də hava hövzəsini qorumağa kömək etmək üçün AWACS tipli təyyarələri ilə dəstək verir.

Bu arada isə Türkiyənin yüksək səviyyəli rəsmisi bildirib ki, Ankara artıq suriyalı qaçqınların Avropaya getməsinin qarşısını almayacaq.

Hökumətyönlü Demiroren xəbər agentliyi qadın və uşaqlar da daxil olmaqla 300-ə yaxın miqrantın Türkiyənin Yunanıstanla sərhədinə doğru getdiyini bildirib.

Türkiyə qaçqınların Avropaya getməsinə icazə verəcəyinə dair təhdidi icra etsə, 2016-cı ildə Avropa Birliyinə etdiyi vədini yerinə yetirməmiş olacaq və Qərb qüdrətlərini İdlib üzərində qarşıdurmaya sürükləyə bilər. Bununla da Ankara və Moskva arasındakı danışıqlara son qoyulmuş olacaq.