Prezident İlham Əliyev Natiq Əmirovun Azərbaycan Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
N.Əmirov bundan öncə vergilər nazirinin birinci müavini idi.
N.Əmirov 1967-ci ildə Dəvəçi (indiki Şabran) rayonunda anadan olub. 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu iqtisadçı ixtisası, 1998-ci ildə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini hüquqşünas ixtisası ilə bitirib.
Əmirov 1991-ci ildən vergi sistemində çalışır. O əvvəlcə Sumqayıt şəhərində sonra isə Baklıda müxtəlif vergi departamentlərində məsul vəzifələrdə işləyib.
2001-2003-cü illərdə Azərbaycan Vergilər Nazirliyi iri Vergi Ödəyiciləri ilə İş Üzrə Departamentin rəis müavini, 2003-2005-ci illərdə Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi, 2005-2009-cu illərdə isə vergilər nazirinin müavini vəzifələrində çalışıb.
Prezidentin 4 mart 2009-cu il tarixli sərəncamı ilə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.