NASA 2024-cü ildə Aya ilk qadını astronavt göndərməyi planlaşdırır

ABŞ-ın Milli Aeronavtika və Fəza İdarəsinn (NASA) yeni açıqladığı məlumatda 2024-cü ildə Aya ilk qadın astronavt göndərmək planlaşdırıldığı bildirilir.

NASA administratoru Cim Bridenstin 28 milyard dollarlıq bu planın məqsədinin insanları 1972-ci ildən sonra ilk dəfə olaraq Ay səthinə qaytarmaq olduğunu deyib.

"Biz elmi kəşflər, iqtisadi faydalar və tədqiqatçıların yeni nəslini ilhamandırmaq üçün yenidən Aya gedirik", Bridenstin bazar ertəsi verdiyi açıqlamada bildirib. O həmçinin növbəti hədəf kimi Marsa da ilk insanın ayaq basması planlarının sürətləndirilməsi olduğunu bildirib.

NASA-nın Aya missiyası Artemis planının bir hissəsidir. Astronavtlar Aya NASA-nın yeni raketi "Space Launch System" (SLS) və Orion kosmik gəmisi ilə yollanacaq.

Bridenstin jurnalistlərə deyib ki, xüsusən belə bir vacib seçkidən əvvəl "siyasi risklər" NASA-nın işini tez-tez təhdid edir. Konqres Milad bayramına qədər 3.2 milyard dollarlıq ilkin maliyyələşdirməni təsdiqləyərsə, "2024-cü ildə Aya enmək planımızı davam etdirəcəyik".

NASA-nın Aya qadın astronavt göndərməsini elan etməsi prezident Donald Trampın 3 noyabr seçkilərində ikinci dəfə seçilmək üçün qadın seçiciləri cəlb etməyə çalışdığı bir vaxta təsadüf edir. Tramp bu həftə Ali Məhkəmənin mərhum hakimi Rut Beyder Ginsburqun yerinə bir qadın namizəd göstərəcəyinə söz verib.

Rəy sorğularında Trampın qadın seçicilər, xüsusən də şəhər ətrafında yaşayan ağdərili qadınlar arasında prezidentliyə Demokrat namizəd Co Bidendən böyük bir fərqlə arxada qaldığını göstərir.

Hazırda Aya iki astronavtı göndərmək üçün hazırlanan Orion gəmisi üçün üç ayrı layihə bir-biri ilə rəqabət aparır.

Bunlardan biri Draper ilə ortaq şəkildə Amazon CEO-su Ceff Bezos tərəfindən qurulan Blue Origin-lə Lockheed Martin və Northrup Grumman şirkətlərinin əməkdaşlığı ilə hazırlanır. Digər layihələr isə Elon Maskın SpaceX və Dynetics tərəfindən hazırlanır.

Plana əsasən "Artemis 1" 2021-ci ildə Ay ətrafında insansız uçuş həyata keçirəcək. 2023-cü ildə isə "Artemis 2" Ay ətrafında dövrə vurduqdan sonra astronavtlar 2024-cü ildə "Artemis 3" gəmisində Ayın səthinə enəcək və bir həftə orada qalacaq.

Astronavtlar vaxtlarını torpaq, daş nümunələri toplamağa, su və digər mənbələri axtarmağa, eləcə də elmi təcrübələr aparmağa sərf edəcək.