İyulun 28-dən 31-dək Azərbaycanın Şimal-Qərb bölgəsindəki meşə massivlərində Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, həmçinin Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların hərbi qulluqçularının iştirakı ilə "Xaş-Xaş 2018" şərti adlı tədbirlər keçirilib.
Tədbir zamanı həmin ərazilərdə yabanı halda bitmiş, ümumi çəkisi 8,5 ton olan 13 min 500 ədədə yaxın çətənə kolları da aşkar olunaraq məhv edilib. Bu barədə Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti mətbuat xidmətlərinin məlumatında deyilir.
Həmçinin tədbirlər çərçivəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin xüsusi aqrotexniki qaydada - kultivasiya yolu ilə yetişdirilmiş ümumi çəkisi 310 kiloqram olan 530 ədəd çətənə kolları, xalis çəkisi 16 kiloqram 670 qram olan qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.